BAKI, 5 iyul. TELEQRAF

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə keçirdiyi görüş və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Günümüzdə tərəflər arasında formalaşan əməkdaşlıq enerji, ticarət, nəqliyyat-logistika, yaşıl enerji, regional təhlükəsizlik və sülh gündəliyini əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, son aylarda Avropa İttifaqının ən yüksək səviyyəli rəhbərliyinin ardıcıl olaraq Azərbaycana səfərləri təsadüfi deyil. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri Avropa İttifaqının Azərbaycana verdiyi strateji əhəmiyyətin və ölkəmizlə əməkdaşlığı daha da dərinləşdirmək niyyətini önə çəkir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi, region üzrə ticarətin təxminən 70 faizinin məhz Azərbaycanın hesabına formalaşması ölkəmizin iqtisadi potensialının və etibarlı tərəfdaş nüfuzunun göstəricisidir.

Enerji əməkdaşlığı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji dayaqlarındandır. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan sonra Azərbaycan qazının Avropa İttifaqına ixracının təxminən 65 faiz artması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını göstərir. Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir və bu tərəfdaşlıq çevrəsinin daha da genişlənməsi üçün real imkanlar mövcuddur".

Deputat bildirib ki, Azərbaycanın təşəbbüsü və böyük maliyyə yatırımları ilə reallaşdırılan Cənub Qaz Dəhlizi, eyni zamanda Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri ölkəmizin qlobal logistika və enerji xəritəsində strateji mövqeyini daha da gücləndirib:

"Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu beynəlxalq yükdaşımaların təhlükəsiz və səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. Diqqətçəkən məqamlardan biri də Avropa Komissiyası ilə əməkdaşlığın artıq bərpaolunan enerji sahəsində yeni mərhələyə keçməsidir. Azərbaycanın zəngin günəş, külək və su enerji potensialı, qarşıdakı illərdə əlavə 8 giqavat gücün yaradılması istiqamətində imzalanmış müqavilələr ölkəmizin yaşıl enerji sahəsində Avropanın etibarlı strateji tərəfdaşına çevrildiyini nümayiş etdirir. Bütün bunlar Möhtərəm Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji strategiyasının məntiqi davamıdır.

Ölkə rəhbərimiz Cənab İlham Əliyevin çıxışında xüsusi yer tutan digər mühüm istiqamət regional sülh və təhlükəsizlik məsələləri idi. Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqe, sülh sazişinin paraflanması, humanitar və iqtisadi sahədə atılan birtərəfli addımlar bir daha göstərir ki, ölkəmiz regionda davamlı sülhün əsas təşəbbüskarıdır. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması və enerji daşıyıcılarının Ermənistana çatdırılmasına başlaması sülh siyasətinin praktik nəticələrə söykəndiyinin göstəricisidir".

Günay Ağamalı hesab edir ki, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır:
"Dövlət başçımız Cənab İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmiz regional təhlükəsizliyin əsas təminatçısı, Avropa ilə Asiyanı birləşdirən etibarlı enerji və nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirib.

Ursula fon der Lyayenin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli danışıqlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafı üçün yeni perspektivlər açır. Münasibətlər qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanaraq bundan sonra da həm Azərbaycanın milli maraqlarına, həm də regionun sabitliyi və rifahına töhfələr verəcək".