BAKI, 5 iyul. TELEQRAF
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ənənəvi iqtisadi sahələrlə bərabər, rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində də yeni inkişaf mərhələsinə qədəm qoyur. Cari ilin fevral ayında qəbul edilən mühüm qərarlar və təsdiq olunmuş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkəmizin rəqəmsal gələcəyini müəyyən edən strateji yol xəritəsidir.
Bunu Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, bu gün dünyada iqtisadi rəqabət yalnız təbii sərvətlər və istehsal gücü ilə deyil, həmçinin texnologiya, məlumat, innovasiya və süni intellekt imkanları ilə də müəyyən olunur:
"Azərbaycan da sözügedən qlobal transformasiyanın fəal iştirakçısı kimi milli maraqlara əsaslanan rəqəmsal inkişaf modelini formalaşdırır. Dövlətimizin məqsədi ölkəmizi regionun rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevirməkdir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm institusional addımdır. Şuranın ilk iclasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilməsi rəqəmsal transformasiya prosesinə verilən yüksək önəmin bariz göstəricisidir. Mehriban xanım Əliyevanın Şuranın fəaliyyətində dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startapların dəstəklənməsi kimi məsələləri prioritet olaraq müəyyənləşdirməsi bu sahədə sistemli, ardıcıl və nəticəyönümlü yanaşmanın formalaşmasına xidmət edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi, süni intellektin strateji əhəmiyyəti nəzərə alınmaqla bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməlidir. Sözügedən yanaşma ölkəmizdə rəqəmsal inkişaf yalnız texnoloji yenilənmə deyil, həm də milli təhlükəsizliyin, iqtisadi müstəqilliyin və dövlət suverenliyinin mühüm tərkib hissəsi kimi dəyərləndirildiyini önə çəkir".
Deputat bildirib ki, Şuranın ilk iclasında müəyyən edilən prioritetlər bir daha göstərdi ki, rəqəmsallaşma dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, səhiyyənin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir:
"Xüsusilə "mygov" və "mygov Biznes" platformalarının genişləndirilməsi və bütün dövlət xidmətlərinin vahid rəqəmsal ekosistem üzərindən təqdim olunması vətəndaş–məmur təmasını minimuma endirəcək, şəffaflığı artıracaq və insanların dövlət xidmətlərinə çıxışını daha rahat edəcək.
Proaktiv xidmətlərin genişləndirilməsi, "Yalnız bir dəfə" prinsipinin tətbiqi və dövlət məlumat hövzəsinin yaradılması müasir dövlət idarəçiliyinin ən qabaqcıl nümunələrindəndir. İnnovasiya sahəsində nəzərdə tutulan genişmiqyaslı qanunvericilik islahatları Azərbaycanın texnologiya şirkətləri, startaplar və investorlar üçün daha cəlbedici ölkəyə çevrilməsinə xidmət edir.
Vençur maliyyələşdirilməsi, "mələk investorlar" institutu, "Rəqəmsal Səyyah" vizası, vergi güzəştləri və tədqiqat fəaliyyətinə verilən stimullar ölkəmizdə innovasiya iqtisadiyyatının formalaşmasına ciddi təkan verəcək.
Süni intellekt günümüzün texnologiyasıdır. Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi, virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun qurulması və tənzimləyici test mühitinin yaradılması Azərbaycanın bu sahədə uzunmüddətli strateji baxışının göstəricisidir. Əsas prinsip texnologiyanın milli maraqlara xidmət etməsi, insan amilini gücləndirməsi və dövlət idarəçiliyinin səmərəliliyini artırmasıdır.
Rəqəmsal inkişafın ayrılmaz hissəsi olan kibertəhlükəsizlik istiqamətində həyata keçirilən islahatlar da xüsusi əhəmiyyət daşıyır.
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, dövlət informasiya sistemlərinin təhlükəsiz rəqəmsal mühitdə idarə olunması və kibergigiyena mədəniyyətinin formalaşdırılması
istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın rəqəmsal təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirərək milli maraqların etibarlı qorunmasına xidmət edir".
Günay Ağamalı hesab edir ki, təhsil sahəsində həyata keçirilən rəqəmsal transformasiya gələcəyin insan kapitalının formalaşdırılmasına yönəlib:
"Rəqəmsal məktəb", "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri, elektron təhsil xidmətləri və süni intellekt əsaslı tədris modelləri göstərir ki, Azərbaycan gələcəyin iqtisadiyyatını bugünkü məktəblərdə formalaşdırır.
Bütün sadalananlar Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin tərkib hissəsidir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan enerji və nəqliyyat, rəqəmsal texnologiyalar, innovasiya və süni intellekt sahələrində regionun lider dövlətinə çevrilməkdədir. Adıçəkilən strateji kurs ölkəmizin iqtisadi dayanıqlığını möhkəmləndirəcək, rəqabət qabiliyyətini artıracaq, yüksək ixtisaslı iş yerləri yaradacaq və Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqeyini daha da gücləndirəcək.
Rəqəmsal inkişaf Azərbaycanın gələcək inkişaf modelinin, milli təhlükəsizliyinin, iqtisadi gücünün və müasir dövlət idarəçiliyinin əsas dayaqlarındandır. Möhtərəm Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu prosesə verdiyi mühüm töhfələr nəticəsində Azərbaycan yaxın illərdə Cənubi Qafqazın və daha geniş regionun aparıcı rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevriləcək".