BAKI, 3 iyul. TELEQRAF

İstehsalatda bədbəxt hadisə ilə üzləşən könüllülərə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən olunur.

Teleqraf xəbər verir ki, bununla bağlı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, könüllü fəaliyyətin iştirakçısı olanlara münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməsi müəyyən edilir.

Eyni zamanda layihədə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qoruması məqsədi ilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.

Bu həddin tənzimlənməsi risklərin həcmini, həmçinin sığortaçının məsuliyyət dairəsini müəyyənləşdirməyə imkan yaradacaqdır. Əks təqdirdə riskin idarəolunmazlığı sığorta sisteminin zəifləməsinə, beləliklə sığorta olunanlar qarşısında öhdəliklərin yerinə yetirilməsində çətinliklərin yaranmasına səbəb ola bilər.