BAKI, 1 iyul. TELEQRAF

Azərbaycanda rəqəmsal transformasiya artıq təkcə texnoloji yenilənmə prosesi deyil, dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə rəqəmsal idarəetmə, elektron xidmətlər, innovasiya ekosistemi və informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm nailiyyətlər əldə olunub.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, məhz bu ardıcıl siyasətin davamı olaraq təsdiqlənmiş “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” Azərbaycanın rəqəmsal gələcəyinin yol xəritəsi kimi xüsusi əhəmiyyət daşıyır:

“Müasir dövrdə rəqəmsallaşma ölkələrin iqtisadi rəqabət qabiliyyətini, dövlət idarəetməsinin səmərəliliyini və vətəndaş məmnunluğunu müəyyən edən əsas amillərdən biridir. Azərbaycan da qlobal çağırışları və yeni texnoloji tendensiyaları nəzərə alaraq rəqəmsal inkişaf sahəsində sistemli addımlar atır. Fəaliyyət Planının əsas məqsədi dövlət xidmətlərinin daha əlçatan və çevik formada təqdim olunması, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi və vətəndaşların rəqəmsal imkanlardan daha geniş istifadə etməsinin təmin edilməsidir. Bu istiqamətdə cənab Prezidentin siyasi iradəsi və strateji baxışı xüsusi rol oynayır. Dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən rəqəmsal transformasiya siyasəti nəticəsində “ASAN xidmət” modeli beynəlxalq səviyyədə uğurlu idarəetmə nümunəsinə çevrilib, elektron hökumət platformaları genişləndirilib, rəqəmsal imza və elektron sənəd dövriyyəsi sistemləri formalaşdırılıb”.

Deputat bildirib ki, bu gün Azərbaycan regionda rəqəmsal dövlət quruculuğu sahəsində qabaqcıl ölkələrdən biri hesab olunur:

“Təsdiqlənmiş yeni Fəaliyyət Planının icrası çərçivəsində ilk növbədə dövlət informasiya sistemlərinin inteqrasiyası daha da gücləndirilməli, dövlət qurumları arasında məlumat mübadiləsi tam rəqəmsal əsasda həyata keçirilməlidir. Bu, vətəndaşların müxtəlif arayışlar toplamaq və uzun prosedurlardan keçmək zərurətini minimuma endirəcək. İnsanlar bir çox xidmətlərdən evdən çıxmadan, mobil telefon və ya kompüter vasitəsilə istifadə edə biləcəklər. Eyni zamanda süni intellekt, böyük məlumat bazaları, bulud texnologiyaları və kibertəhlükəsizlik sahəsində yeni həllərin tətbiqi ölkənin rəqəmsal dayanıqlığını artıracaq. Xüsusilə dövlət xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi müraciətlərin daha sürətli cavablandırılmasına, qərar qəbuletmə proseslərinin optimallaşdırılmasına və insan faktorundan qaynaqlanan gecikmələrin azalmasına imkan verəcək. Fəaliyyət Planının vacib istiqamətlərindən biri də rəqəmsal iqtisadiyyatın inkişafıdır. Bu sahədə innovativ startapların dəstəklənməsi, texnologiya əsaslı sahibkarlığın genişləndirilməsi və rəqəmsal biznes mühitinin formalaşdırılması nəzərdə tutulur. Bunun nəticəsində yeni iş yerləri yaradılacaq, gənclərin innovasiya sahəsinə marağı artacaq və ölkənin qeyri-neft sektorunun inkişafına əlavə töhfələr veriləcək. Rəqəmsal inkişaf strategiyasının mühüm komponentlərindən biri də əhalinin rəqəmsal bacarıqlarının artırılmasıdır. Çünki texnologiyaların inkişafı ilə yanaşı insanların bu imkanlardan düzgün və səmərəli istifadə etməsi də vacibdir. Bu baxımdan təhsil müəssisələrində rəqəmsal savadlılığın artırılması, elektron xidmətlərdən istifadənin təşviqi və yeni texnoloji biliklərin geniş yayılması xüsusi əhəmiyyət kəsb edir. Əhali üçün bu proqramın faydalarını sadə dillə ifadə etsək, ilk növbədə insanların vaxtına və vəsaitinə qənaət ediləcəyini qeyd edə bilərik. Dövlət qurumlarına müraciətlər daha sürətli cavablandırılacaq, sənədləşmə prosesləri sadələşəcək, səhiyyə, təhsil, sosial müdafiə və digər xidmətlərə çıxış daha rahat olacaq. Kəndlərdə yaşayan vətəndaşlar da şəhər sakinləri ilə eyni səviyyədə elektron xidmətlərdən istifadə imkanına malik olacaqlar”.

Mehriban Vəliyeva hesab edir ki, bu amil sosial bərabərliyin güclənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq:

“Rəqəmsal transformasiya prosesində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi aidiyyəti dövlət komissiyalarının və koordinasiya mexanizmlərinin fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə vətəndaş məmnunluğunun artırılması, dövlət xidmətlərinin insan yönümlü prinsiplər əsasında qurulması və innovativ idarəetmə yanaşmalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Xüsusilə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial layihələrin rəqəmsal imkanlarla zənginləşdirilməsi və müasir idarəetmə standartlarının təşviqi ölkədə rəqəmsal transformasiya prosesinə əlavə dinamika qazandırıb. Bu gün Azərbaycan rəqəmsal inkişaf sahəsində yeni mərhələyə qədəm qoyur. Qarşıdakı illərdə Fəaliyyət Planının uğurla icrası dövlət idarəçiliyinin daha müasir, şəffaf və effektiv modelinin formalaşmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə və vətəndaş rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və Birinci vitse-prezident Mehriban xanı Əliyevanın dəstəklədiyi innovativ idarəetmə yanaşmaları sayəsində Azərbaycan regionun rəqəmsal mərkəzlərindən birinə çevrilmək istiqamətində mühüm addımlar atmağa davam edir.