BAKI, 2 iyul. TELEQRAF

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər son aylarda Brüsselin Cənubi Qafqaz siyasətində müşahidə olunan yeni dinamikanın məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqının xarici siyasət və enerji təhlükəsizliyi gündəliyində tutduğu mühüm yeri bir daha təsdiqləyir. Bundan əvvəl Avropa Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyəti nümayiş etdirmişdi. Avropa İttifaqının iki ali rəhbərinin qısa müddət ərzində Azərbaycana səfər etməsi təsadüfi deyil. Bu, 27 üzv dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmək niyyətinin siyasi ifadəsidir”.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, son illər Azərbaycan–Avropa İttifaqı münasibətlərində müəyyən fikir ayrılıqları müşahidə olunsa da, tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər əməkdaşlığın davamlı inkişafını təmin edib:
"Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, ticarət və regional sabitlik məsələləri tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Səfər zamanı Ursula fon der Lyayenin Azərbaycanı “strateji tərəfdaş” adlandırması xüsusi diqqət çəkən məqamlardan biri oldu. Beynəlxalq diplomatik praktikada bu cür ifadələr tərəflər arasında uzunmüddətli əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin mövcudluğunu ifadə edir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və balanslaşdırılmış xarici siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Avropa Komissiyasının Prezidenti çıxışında Azərbaycanın regionun aparıcı dövləti kimi rolunu, Cənubi Qafqazda sülh gündəliyinin formalaşdırılmasına verdiyi töhfəni və Prezident İlham Əliyevin liderliyini xüsusi vurğuladı. Bu yanaşma artıq Avropa İttifaqının regionla bağlı yanaşmasında Azərbaycanın aparıcı aktor kimi qəbul olunduğunu göstərən mühüm siyasi mesajdır".
Deputatın sözlərinə görə, müasir geosiyasi reallıqlar fonunda Azərbaycan yalnız regional deyil, Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib:

“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan öz coğrafi üstünlüklərini müasir infrastruktur layihələri ilə birləşdirərək qlobal iqtisadi əlaqələrdə mühüm rol oynayır. Avropa İttifaqının da bu potensialı yüksək qiymətləndirməsi təsadüfi deyil. Azərbaycanın həyata keçirdiyi strateji inkişaf siyasəti nəticəsində ölkə bu gün enerji, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi tanınır. Son 20 ildə həyata keçirilən iri infrastruktur layihələri, Cənub Qaz Dəhlizinin reallaşdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Orta Dəhlizin inkişafı və yeni enerji layihələri Avropa üçün də mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Xüsusilə 2022-ci ildə Avropada enerji böhranının dərinləşdiyi və Rusiya qazından asılılığın azaldılması məsələsinin gündəmə gəldiyi dövrdə Avropa İttifaqı etibarlı enerji tərəfdaşı kimi Azərbaycana müraciət etdi. Azərbaycan isə qısa müddətdə ixrac imkanlarını artıraraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdi”.
Sevinc Fətəliyeva qeyd edib ki, hazırda Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı 2022-ci illə müqayisədə təxminən 65 faiz artıb. Bununla yanaşı, Azərbaycan bütün müqavilə öhdəliklərinə sadiqliyini qorumaqla etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirib. Lakin tərəfdaşlıq yalnız ənənəvi enerji sahəsini əhatə etmir. Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də əməkdaşlığı sürətlə genişləndirirlər. Xəzər dənizinin böyük külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji imkanları, eyni zamanda Mərkəzi Asiya ölkələrinin yaşıl enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqli yeni enerji əməkdaşlığı modelinin formalaşdığını göstərir.
Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi də bu strateji baxışın mühüm elementlərindən biridir. Layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verməklə yanaşı, Azərbaycanın enerji tranzit mərkəzi kimi rolunu daha da gücləndirir. Səfər çərçivəsində Ursula fon der Lyayenin enerji ilə yanaşı enerji konnektivliyi üzrə ayrıca tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış etməsi də diqqət çəkir. Bu təşəbbüs göstərir ki, Avropa İttifaqı Azərbaycanı təkcə enerji ixracatçısı deyil, bütövlükdə Avrasiya enerji məkanını birləşdirən strateji tərəfdaş kimi qiymətləndirir.
“İqtisadi əməkdaşlığın genişləndirilməsi də münasibətlərin prioritet istiqamətlərindən biridir. Hazırda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu göstərici ölkənin region iqtisadiyyatında aparıcı mövqeyini və Avropa bazarı üçün əhəmiyyətini nümayiş etdirir. Avropa İttifaqının ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsində maraqlı olması da tərəflər arasında iqtisadi əməkdaşlığın perspektivlərinin geniş olduğunu göstərir”-deyən deputat əlavə edib ki, xanım Lyayenin səfəri zamanı regional sülh gündəliyi də xüsusi yer tutdu. Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi məqsədilə sərhədyanı bölgələr üçün 20 milyon avroluq dəstək paketi təklif etməsi və iki cəmiyyət arasında sülhün iqtisadi üstünlüklərinin təşviqinə yönəlmiş təşəbbüslərlə çıxış etməsi regionda uzunmüddətli sabitliyin iqtisadi əsaslarının formalaşdırılmasına xidmət edir.
Millət vəkilinin fikrincə, bu yanaşma Azərbaycanın uzun illərdir irəli sürdüyü regional əməkdaşlıq və kommunikasiyaların açılması siyasəti ilə də üst-üstə düşür. Dayanıqlı sülhün təmin olunmasının yalnız siyasi razılaşmalarla deyil, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə mümkün olduğu barədə yanaşma getdikcə daha geniş beynəlxalq dəstək qazanır. Ümumilikdə, Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə formalaşdırdığı çoxtərəfli tərəfdaşlıq modeli ölkənin balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticəsidir. ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri, Avropa İttifaqı ilə strateji xarakter daşıyan əməkdaşlığın inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin ardıcıl şəkildə möhkəmləndiyini göstərir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunur. Məhz bu amil ölkəmizin həm Qərb, həm Şərq, həm də qlobal Cənub ölkələri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan münasibətlər qurmasına imkan yaradır. Beləliklə, Avropa Komissiyasının Prezidentinin Bakıya səfəri göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəfdaşlıq geosiyasi, iqtisadi, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilir. Bu isə Azərbaycanın Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas tərəfdaş statusunun daha da möhkəmləndiyini və münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.