BAKI, 1 iyul. TELEQRAF
“Son illər Azərbaycan yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, çoxtərəfli diplomatiya sahəsində də mühüm uğurlara imza atır. Bunun ən obyektiv göstəricilərindən biri beynəlxalq təşkilatların seçkili orqanlarına keçirilən seçkilərin nəticələridir. Bu seçkilər dövlətlərin beynəlxalq nüfuzunun və onlara göstərilən etimadın ən real göstəricilərindən hesab olunur. Çünki BMT və digər beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçilik avtomatik şəkildə deyil, üzv dövlətlərin gizli səsverməsi nəticəsində müəyyənləşdirilir. Məhz bu səbəbdən əldə olunan nəticələr beynəlxalq ictimaiyyətin konkret ölkəyə münasibətini əks etdirən mühüm siyasi göstəricidir”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın son iki ildə beynəlxalq seçkilərdə əldə etdiyi nəticələr xüsusi diqqət çəkir. Təkcə 2025-ci ildə ölkəmizin beynəlxalq təşkilatların müxtəlif seçkili orqanlarına irəli sürdüyü 14 namizədliyin hamısı uğur qazanıb. Bütün namizədlərin istisnasız olaraq seçilməsi beynəlxalq praktikada nadir rast gəlinən göstəricilərdən biridir və Azərbaycanın çoxtərəfli diplomatiyada artan nüfuzunun bariz ifadəsidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu uğurlar yalnız bir sahəni əhatə etmir. Azərbaycan nümayəndələri dayanıqlı inkişaf, turizm, miqrasiya, sosial siyasət, ətraf mühitin mühafizəsi, mədəni irsin qorunması və humanitar əməkdaşlıq kimi müxtəlif istiqamətlər üzrə beynəlxalq dəstək qazanıblar. Bu isə göstərir ki, ölkəmiz müasir beynəlxalq gündəliyin demək olar bütün əsas istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur".
Millət vəkilinin sözlərinə görə, cari ilin iyun ayında əldə olunan nəticələr isə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir: “Qısa müddət ərzində ölkəmizin nümayəndələri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə (CEDAW), İnsan Hüquqları Komitəsinə və Uşaq Hüquqları Komitəsinə üzv seçiliblər. Bununla yanaşı, Azərbaycan nümayəndələri artıq İqtisadi, sosial və mədəni hüquqlar komitəsində, eləcə də Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitədə fəaliyyətlərini davam etdirirlər. Beləliklə, Azərbaycan hazırda BMT-nin insan hüquqları üzrə on müqavilə orqanından beşində təmsil olunur. Bu göstərici ölkəmizi dünya üzrə ən yüksək nəticə əldə edən dövlətlər sırasında qərarlaşdırır. BMT-yə üzv 193 dövlət arasında Azərbaycanın bu göstəriciyə görə Çinlə birlikdə ikinci-üçüncü yerləri bölüşməsi xüsusi diqqətə layiqdir. Əhalisi təxminən on milyon nəfər olan bir dövlət üçün bu, beynəlxalq diplomatiyada olduqca ciddi nailiyyət hesab olunur”.
Sevinc Fətəliyevanın fikrincə, bu uğurların əhəmiyyəti yalnız beynəlxalq təşkilatlarda təmsilçiliklə məhdudlaşmır. BMT-nin müqavilə orqanları beynəlxalq konvensiyaların icrasına nəzarət edir, dövlətlərin milli hesabatlarını nəzərdən keçirir, tövsiyələr hazırlayır və beynəlxalq hüquq normalarının inkişafına töhfə verirlər. Azərbaycanın bu strukturlarda geniş təmsil olunması ölkəmizin beynəlxalq hüququn və qlobal idarəetmənin formalaşmasında daha fəal iştirak etməsinə əlavə imkanlar yaradır. Eyni zamanda, bu nəticələr Azərbaycan mütəxəssislərinin yüksək peşəkarlığının beynəlxalq səviyyədə tanındığını göstərir. Qeyd etmək lazımdır ki, belə komitələrə üzvlər BMT-yə üzv dövlətlərin gizli səsverməsi yolu ilə seçilirlər. Bu baxımdan səsvermənin nəticələri təkcə namizədlərin peşəkar keyfiyyətlərinin deyil, həm də onların təmsil etdiyi dövlətə göstərilən siyasi etimadın ifadəsidir.
“Azərbaycanın son illərdə ardıcıl diplomatik uğurlar qazanmasının əsasında isə bir sıra mühüm amillər dayanır. İlk növbədə, bu uğurlar Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil, praqmatik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun məntiqi nəticəsidir. Azərbaycan beynəlxalq münasibətlər sistemində qarşıdurma və blok siyasətindən uzaq dayanaraq dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlər qurur. Məhz buna görə də ölkəmiz Avropa dövlətləri, İslam dünyası, Mərkəzi Asiya, Afrika, Latın Amerikası və digər regionlarla etibarlı tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirə bilir”,-deyən deputat əlavə edib ki, digər mühüm amil Azərbaycanın beynəlxalq nüfuzunun son illərdə əhəmiyyətli dərəcədə artmasıdır. Bakı artıq qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib. Burada mütəmadi olaraq humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq, enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və digər aktual mövzular üzrə beynəlxalq tədbirlər keçirilir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) ölkəmizdə keçirilməsi də Azərbaycanın beynəlxalq etimad qazandığını və qlobal tədbirlərin təşkilində yüksək imkanlara malik olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadı. Sədrliyi dövründə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, pandemiyanın nəticələrinin aradan qaldırılması və beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Bu fəaliyyət ölkəmizin qlobal gündəliyə töhfə verməyə qadir məsuliyyətli tərəfdaş kimi qəbul olunmasına əlavə stimul verdi.
BMT-nin İqlim Dəyişmələri üzrə COP29 Konfransının Azərbaycanda uğurla keçirilməsi də ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirdi. Dünyanın demək olar bütün regionlarını təmsil edən dövlətlərin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilən bu mötəbər tədbir Azərbaycanın mürəkkəb çoxtərəfli prosesləri uğurla idarə etmək və müxtəlif maraqları uzlaşdırmaq qabiliyyətini nümayiş etdirdi.
“Əlbəttə, bu nəticələrin əldə olunmasında Azərbaycan diplomatiyasının peşəkar fəaliyyəti də mühüm rol oynayır. Beynəlxalq seçkilərdə qələbə uzunmüddətli diplomatik fəaliyyət, ardıcıl danışıqlar, regional qruplarla koordinasiya və geniş beynəlxalq dəstəyin formalaşdırılması nəticəsində mümkün olur. Bu baxımdan 2025-ci ildə əldə olunan yüzfaizlik nəticə və 2026-cı ildə davam edən uğurlar sistemli və məqsədyönlü diplomatik fəaliyyətin məntiqi yekunudur”,-deyə Sevinc Fətəliyeva vurğulayıb. Onun fikrincə, bu uğurlar, eyni zamanda Azərbaycana münasibətdə zaman-zaman irəli sürülən beynəlxalq təcrid iddialarının əsassız olduğunu da aydın şəkildə nümayiş etdirir. Əgər belə iddialar reallığı əks etdirsəydi, Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarında ardıcıl qələbələr qazanması, BMT-nin insan hüquqları üzrə müqavilə orqanlarının yarısında təmsil olunması və üzv dövlətlərin gizli səsverməsində geniş dəstək alması mümkün olmazdı. Beynəlxalq seçkilərin nəticələri siyasi bəyanatlardan daha obyektiv göstərici kimi çıxış edir və dövlətlərin real münasibətini əks etdirir. Diqqətəlayiq haldır ki, Azərbaycanın beynəlxalq fəallığı yalnız BMT sistemi ilə məhdudlaşmır. Ölkəmiz UNESCO və digər ixtisaslaşmış beynəlxalq təşkilatlarda da öz mövqelərini ardıcıl şəkildə gücləndirir ki, bu da mədəniyyət, elm, təhsil, humanitar əməkdaşlıq və mədəni irsin qorunması sahələrində milli təşəbbüslərin daha geniş şəkildə irəli sürülməsi üçün əlavə imkanlar yaradır.
“Bütövlükdə, beynəlxalq seçkilərdə qazanılan hər bir uğur yalnız ayrı-ayrı namizədlərin seçilməsi demək deyil. Bu nəticələr Azərbaycanın beynəlxalq qərarların qəbulunda iştirak imkanlarını genişləndirir, milli maraqların daha səmərəli müdafiəsinə, ölkəmizin mövqeyinin beynəlxalq platformalarda daha dolğun şəkildə çatdırılmasına və qlobal proseslərdə rolunun güclənməsinə xidmət edir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarda qazandığı diplomatik uğurlar təsadüfi xarakter daşımır. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasətin, peşəkar diplomatik fəaliyyətin və beynəlxalq ictimaiyyətin Azərbaycana artan etimadının məntiqi nəticəsidir. Beynəlxalq nüfuz bəyanatlarla deyil, konkret nəticələrlə ölçülür. Azərbaycanın beynəlxalq seçkilərdə əldə etdiyi ardıcıl qələbələr isə ölkəmizin dünya birliyində mövqelərinin davamlı şəkildə möhkəmləndiyini əyani şəkildə nümayiş etdirir”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.