BAKI, 26 iyun. TELEQRAF

Tarix boyu hər bir dövlətin qüdrəti ilk növbədə onun ordusunun gücü ilə ölçülüb. Müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın təhlükəsizliyinin təmin edilməsi güclü ordunun mövcudluğundan asılıdır. Azərbaycan xalqının yaratdığı dövlətçilik ənənələrinin mühüm sütunlarından biri olan Azərbaycan Ordusu 108 illik şərəfli inkişaf yolu keçərək bu gün regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbi bayram deyil, həm də Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və qəhrəmanlıq ruhunun təntənəsidir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edir

“1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman Korpusu "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli ordunun formalaşdırılmasının əsası qoyuldu. Yeni yaradılmış dövlət mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən erməni silahlı dəstələrinin hücumları, digər tərəfdən xarici müdaxilələr gənc respublikanın mövcudluğunu təhlükə altına salırdı. Belə bir zamanda milli ordunun yaradılması dövlət müstəqilliyinin qorunması üçün həyati zərurət idi. Azərbaycan hökuməti qısa müddətdə səfərbərlik tədbirləri həyata keçirdi, minlərlə gənc könüllü olaraq ordu sıralarına yazıldı. Qafqaz İslam Ordusu ilə birgə fəaliyyət nəticəsində milli hərbi qüvvələrin sayı sürətlə artırıldı. Azərbaycan əsgərləri Bakının azad edilməsində, Qarabağda və ölkənin digər bölgələrində dövlət hakimiyyətinin bərpasında mühüm rol oynadılar.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu fəaliyyətini dayandırsa da, xalqın yaddaşında müstəqil dövlətçilik və milli hərb ənənələri yaşamaqda davam etdi. Sovet hakimiyyəti illərində azərbaycanlıların hərbi sahədə yüksəlməsi müxtəlif maneələrlə üzləşirdi. Azərbaycan gənclərinin yüksək hərbi məktəblərə qəbulunda məhdudiyyətlər mövcud idi və milli zabit korpusunun formalaşdırılması arzuolunan səviyyədə deyildi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi bu sahədə köklü dəyişikliklərə səbəb oldu. O, uzaqgörənliklə bilirdi ki, gələcəkdə Azərbaycanın milli hərbi kadr potensialına ehtiyacı olacaq. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın hərb tarixində dönüş nöqtəsinə çevrildi. Sonrakı illərdə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək milli zabit korpusunun formalaşmasına mühüm töhfə verdi. Məhz həmin dövrdə yetişən hərbi kadrlar sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas dayaqlarına çevrildilər”.

Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ağır sınaqlarla üzləşdi:

“Ermənistanın hərbi təcavüzü genişlənir, ölkə daxilində siyasi böhran dərinləşirdi. Ayrı-ayrı silahlı dəstələrin mövcudluğu vahid komandanlıq sisteminin formalaşmasına mane olurdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə dövlətçiliyin xilası və nizami ordunun yaradılması istiqamətində qətiyyətli addımlar atdı. Qanunsuz silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, ordunun hüquqi və təşkilati əsasları möhkəmləndirildi. 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Silahlı Qüvvələrin inkişafı yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, hərbi hissələr yenidən quruldu, döyüş hazırlığı yüksəldildi.

Ümummilli Liderin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 İyun rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycanın NATO ilə əməkdaşlığı ordu quruculuğunun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı. "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan Azərbaycan Silahlı Qüvvələri beynəlxalq standartların tətbiqinə başladı. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştirakı onların peşəkarlığının artırılmasına, müasir hərbi idarəetmə və əməliyyat təcrübəsinin mənimsənilməsinə imkan verdi. Kosovoda, İraqda və Əfqanıstanda xidmət edən Azərbaycan hərbçiləri ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verdilər.

2003-cü ildən başlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri elan etdi. Ordunun maddi-texniki təminatının gücləndirilməsi, müasir silah və texnikanın alınması, hərbi sənaye kompleksinin yaradılması, hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirildi. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən genişmiqyaslı təlimlər və həyata keçirilən islahatlar nəticəsində Silahlı Qüvvələr regionun ən güclü ordusuna çevrildi. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirdi. Cəmi dörd gün davam edən əməliyyatlar nəticəsində strateji yüksəkliklər və mühüm mövqelər azad edildi. 2018-ci ilin Günnüt əməliyyatı isə ordumuzun artan hərbi imkanlarını bir daha ortaya qoydu. Naxçıvan istiqamətində əldə edilən uğurlar Azərbaycanın müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirdi. Bu qələbələr Azərbaycan xalqında böyük inam yaratdı və tarixi Zəfərin yaxınlaşdığını göstərdi”.

Vasif Qafarov vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən birinə çevrildi:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək Ermənistan ordusunu darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşanın azad edilməsi müharibənin taleyini həll edən dönüş nöqtəsi oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın birliyi nəticəsində düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, xalqımız otuz ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam təmin edilməsini reallığa çevirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatizmə son qoyuldu və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ölkə ərazisində bərpa edildi. Bu əməliyyat dünya hərb tarixində yüksək dəqiqlik, operativlik və peşəkarlıq nümunəsi kimi qiymətləndirilir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir texnologiyalarla təchiz edilmiş, yüksək peşəkarlığa malik, döyüş təcrübəsi qazanmış və regionun təhlükəsizlik sistemində mühüm rol oynayan qüdrətli ordudur. Azərbaycan əsgəri təkcə Vətənin sərhədlərini qoruyan hərbçi deyil, həm də xalqımızın qəhrəmanlıq ruhunun, vətənpərvərlik hissinin və milli birliyinin simvoludur. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları və hərbi qulluqçularını təbrik edir, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan Ordusu dünənin şanlı mirası, bu günün qüdrəti və sabahın etibarlı təminatıdır. Güclü orduya malik Azərbaycan dövləti bundan sonra da öz suverenliyini, müstəqilliyini və milli maraqlarını qətiyyətlə qorumağa davam edəcəkdir”.