BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanın son illərdə əldə etdiyi ən böyük və tarixi nailiyyət ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olub.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

İslam İnkişaf Bankı ilə 16 il əvvəl Bakıda keçirilən ilk görüşü xatırladan dövlət başçısı regiondakı əsas reallığı diqqətə çatdırıb:

“Əlbəttə ki, 2010-cu ildə görüşümüzdən bəri baş verən əsas dəyişikliklərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Torpaqlarımız 90-cı illərin əvvəllərində işğal olunmuşdu və bu, ölkəmizdə böyük bir humanitar fəlakət yaratmışdı. 90-cı illərin əvvəllərində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin vaxt ölkə əhalisinin sayı 8 milyon nəfər təşkil edirdi. Yəni hər səkkiz nəfərdən biri qaçqın idi – evsiz, işsiz, yaşamaq üçün heç bir vəsaiti olmayan bir kütlə. Beləliklə, bu, real humanitar fəlakət idi və biz bu çətinliklərlə tək qaldıq.Müharibə cinayətləri, Xocalı soyqırımı törədən, vətəndaşlarımızın kəndlərini dağıdan, işğal olunmuş ərazilərdə urbisid (şəhərlərin məhv edilməsi) həyata keçirən Ermənistana qarşı sanksiya tətbiq edilmədi".