BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanda iqtisadi inkişaf prosesləri irimiqyaslı sosial proqramların icrası ilə paralel şəkildə həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı sosial sahədə atılan addımların miqyasını diqqətə çatdırıb:

“Biz son bir neçə ildə əhalimizin demək olar ki, 30%-indən çoxunu əhatə edən bir neçə sosial dəstək paketi həyata keçirdik. Yoxsulluğun və işsizliyin azaldılması da uğurla nail olunmuş hədəflərdən biri idi. Beləliklə, bu gün yoxsulluq və işsizlik səviyyəsi təxminən 5% civarındadır”.

Məşğulluq məsələlərinin hər zaman dövlətin diqqət mərkəzində olacağını vurğulayan Prezident İlham Əliyev, əhali artımının gətirdiyi yeni çağırışlardan da bəhs edib:

“Əhalisi artan hər hansı digər ölkədə olduğu kimi, bu məsələ həmişə diqqətimizin mərkəzində olacaq. Xoşbəxtlikdən müsəlman ölkələrində bu tendensiya davam edir. Lakin hamımız bilirik ki, əhali artdıqda, bu özü ilə bərabər bir çox çağırışlar da gətirir. Çünki siz yeni iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, işsizlik səviyyəsini çox aşağı saxlamaq üçün bu amillər həmişə diqqətimizin mərkəzində olacaq”.