BAKI, 18 iyun. TELEQRAF

Azərbaycan xarici borcunun həcmini kəskin şəkildə azaltmağa nail olub və hazırda ölkə çox sabit maliyyə vəziyyətinə malikdir.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Xarici borcun azaldılmasının bir neçə il əvvəl qarşıya qoyulan əsas hədəf olduğunu xatırladan dövlət başçısı bildirib:

“Biz buna nail olduq, hətta bəlkə də planlaşdırdığımızdan daha çox. Bu gün xarici borcumuz ÜDM-imizin cəmi 6%-ni təşkil edir. Beləliklə, biz yenidən borclanmağa başladıq. Bir fasilə var idi, lakin biz yenidən borclanmağa başladıq. Və əlbəttə ki, müraciət etdiyimiz ilk maliyyə qurumu İslam İnkişaf Bankı oldu – güclü əlaqələrimiz, ortaq tariximiz və çox məhsuldar, konstruktiv münasibətlərimiz sayəsində”.

Prezident qeyd edib ki, cari iclas çərçivəsində yeni infrastruktur layihələrinə təkan vermək üçün bir çox sazişlər imzalanacaq və bu sənədlər qeyri-neft sektorunda əlavə dəyərin yaradılmasına xidmət edəcək:

“Biz daha çox borclana bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Baxmayaraq ki, bu gün bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Və bu göstəriciyə görə, zənnimcə, Azərbaycan çox sabit maliyyə vəziyyəti, balanslaşdırılmış büdcəsi ilə aparıcı ölkələrdən biridir”.

Dövlət başçısı sonda əlavə edib ki, Azərbaycanın bu uğurlu iqtisadi göstəriciləri beynəlxalq arenada da yüksək qiymətləndirilir:

“Bu mühüm reallıq, həmçinin bu yaxınlarda reytinqlərimizi investisiya səviyyəsinə qaldıran və proqnozu müsbət və sabit olan 'Moody's' və 'Fitch' kimi dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də təsdiqlənir”.