BAKI, 18 iyun. TELEQRAF

Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığının azaldılması istiqamətində son 16 ildə həyata keçirilən transformasiya prosesi ciddi tarixi nailiyyətlərlə yaddan qalıb.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

İqtisadiyyatın şaxələndirilməsi hədəflərindən danışan Prezident bildirib: “Biz bu barədə 16 il əvvəl İslam İnkişaf Bankının Bakıda keçirilən illik iclasında danışmışdıq. Və həman vaxtdan bəri biz transformasiya edə bildik. Beləliklə, bu gün ÜDM-imizdə qeyri-neft-qaz sektorunun payı 70 faizdən çoxdur ki, bu da diqqətəlayiq bir nailiyyətdir”.

Bu uğura baxmayaraq, ixrac strukturunda hələ də görüləsi işlərin olduğunu qeyd edən dövlət başçısı, qarşıda duran strateji vəzifələri açıqlayıb:

“İxracımızda neft, qaz və qeyri-neft-qaz sektorunun balansını dəyişməyə davam etmək üçün hələ çox çalışmalıyıq. Bu gün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir, ona görə də biz bu vəziyyəti dəyişmək üçün çox ciddi çalışırıq. Bunun üçün isə, əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və eyni zamanda yeni bazarlar lazımdır. Və bu, bir problemdir, çünki bazarlar uğrunda mübarizə çox aktivləşib. Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi artıq bir reallıqdır, lakin biz mütləq şəkildə davam etməliyik”.