BAKI, 18 iyun. TELEQRAF
Azərbaycanın son 20 ildə nümayiş etdirdiyi davamlı iqtisadi və siyasi sabitlik ölkəni qlobal investorlar üçün ən cəlbedici məkanlardan birinə çevirib.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Ölkənin investisiya statistikasını diqqətə çatdıran dövlət başçısı bildirib: “Son 20 ildə biz 350 milyard ABŞ dollarından çox birbaşa investisiya cəlb edə bilmişik ki, bunun da demək olar ki, yarısı xarici mənbələrdən gəlir. Və investisiya planlarımız davam edir, çünki bu gün investorlar sabit yerlər axtarırlar”.
Dünyadakı mövcud geosiyasi vəziyyətə toxunan Prezident İlham Əliyev maraqlı bir məqamı vurğulayıb: “Təəssüf ki, zaman keçdikcə sabit məkanların sayı artmır. Bu, təəssüf ki, bugünkü reallıqdır. Buna görə də, yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və həmçinin artıq başa çatdırılmış layihələr bizə indi təkcə enerji sahəsinə deyil, həm də qeyri-enerji sektoruna investisiyalar cəlb etməyə imkan verir”.