BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan dünya okeanlarına birbaşa çıxışı olmamasına baxmayaraq, coğrafi mövqeyindən düzgün istifadə edərək irimiqyaslı beynəlxalq nəqliyyat qovşağına çevrilməyi bacarıb.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı zamanı bildirib.
İnfrastruktura böyük həcmdə investisiyalar yatırıldığını deyən dövlət başçısı, əsas diqqətin təkcə ölkə daxili deyil, beynəlxalq miqyaslı layihələrə yönəldiyini vurğulayıb:
“Biz güclü nəqliyyat infrastrukturunun qurulması üçün coğrafiyamızdan bir təməl kimi istifadə etməyə çalışdıq. Çünki coğrafiya, əlbəttə ki, vacibdir. Lakin bura infrastruktur əlavə olunmazsa, bu, böyük bir məna kəsb etmir”.
Prezident qeyd edib ki, bu gün Azərbaycanı kəsib keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri getdikcə artan sayda ölkələr üçün çox mühüm təchizat marşrutları təmin edir:
“Coğrafi mövqe gündəmdən asılı olaraq baş ağrısı da ola bilər, üstünlük də ola bilər. Bizim vəziyyətimizdə bu, həqiqətən də təkcə bizim üçün deyil, daha bir çox ölkələr üçün üstünlükdür. Azərbaycanı kəsib keçən dəhlizlər bir çox ölkələr üçün bir növ əlaqəli və əlaqələndirilmiş nəqliyyat arteriyası yaradır. Əlbəttə ki, hələ görüləsi çox iş var və bu, bizim prioritetlərimizdən biridir”.