BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanın reallığı olan siyasi, iqtisadi və sosial sabitlik nəinki ölkəmizin, eləcə də regional inkişafın əsas amilidir.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı zamanı deyib.

Dövlət başçısı sabitliyin önəmini vurğulayaraq bildirib:

"Sabitliyin pozulduğu yerdə, biz hətta inkişafdan belə danışa bilmərik. Beləliklə, bu gün Azərbaycanın reallığı olan sabitlik — siyasi, iqtisadi, sosial sabitlik — nəinki bizim inkişafımızın əsas amilidir, həmçinin regional inkişafın da amilidir. Çünki həm regional miqyasda, həm də qlobal arenada güclü əlaqələri sayəsində Azərbaycan artıq bir çox aspektlərdə mühüm aktora çevrilmişdir".

Ölkəmizin müstəqil xarici siyasətinin beynəlxalq birlikdə güclü dəstək qazandığını deyən Prezident, dostlarımızın sayının ildən-ilə artdığını diqqətə çatdırıb:

“Beynəlxalq birliyin dəstəyi müxtəlif təsisatlara namizədliyimizin irəli sürüldüyü və böyük çoxluğun dəstəyini qazandığımız çox bariz məqamlarda özünü göstərir. BMT Təhlükəsizlik Şurasına seçilərkən 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyin qəbulu və uzadılması zamanı isə 120 ölkənin yekdil dəstəyini qazanmağımız bunun əyani sübutudur. Bəzən "beynəlxalq birlik" kimi sözlər eşidəndə, bəziləri bunun müəyyən mənada məhdud ölkələr qrupu, inkişaf etmiş ölkələr olduğunu düşünə bilər; hansı ki, necə deyərlər, bu adı özlərinə özləri veriblər. Lakin bu, yanlış yanaşmadır. Beynəlxalq birlik bütün dünyadır, ölkələrdir, Birləşmiş Millətlər Təşkilatının bərabərhüquqlu üzvləridir. Və dünya ölkələrinin mütləq əksəriyyətinin dəstəyini qazanmaq, artıq qeyd etdiyim kimi, yalnız bəyanatlara deyil, praktiki addımlara əsaslanan hörməti nümayiş etdirir.