BAKI, 12 may. TELEQRAF

Son bir ildə ilk dəfə daimi Müdafiə Attaşesinin təyin edilməsi və silah embarqosunun qaldırılması müdafiə sahəsindəki tərəfdaşlığımızın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Səfir iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirib:

"Uzun illərdən sonra ən yüksək səviyyəli müdafiə səfərlərini təşkil etdik. Azərbaycanın qlobal "Cyber Marvel" təlimində iştirakını təmin etdik və indiyədək ən geniş Müdafiə üzrə İkitərəfli Əməkdaşlıq Planını razılaşdırdıq. Eyni zamanda, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni ticarətlə mübarizə istiqamətində hüquq-mühafizə orqanlarımız arasında əlaqələr gücləndirilib".

F.Auld həmçinin informasiya təhlükəsizliyi məsələlərinə də toxunub:

"Azərbaycanda və Böyük Britaniyada dezinformasiya və yanlış məlumatların təhlükəli şəkildə yayılmasını müşahidə edirik. Hökumətlərimiz təhlükəsizlik və azadlıq arasında düzgün balansı tapmaq kimi çətin məsələlərlə üz-üzədir. Lakin informasiyaya çıxış və bu problemlərin açıq müzakirəsi vacibdir".