BAKI, 12 may. TELEQRAF

Fransa hökumətinin Yeni Kaledoniyada (Kanaki) əyalət seçkilərinin keçirilməsi ilə bağlı qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq cəhdi kimi qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Asia Pacific Report" saytında dərc olunan məqalədə bildirilib.

Məqalədə iyunun 28-nə təyin edilmiş seçkilər və Fransanın müstəmləkəçi siyasəti təhlil olunub. Yazıda Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial media hesabındakı paylaşımına istinad edilərək, Fransanın yerli Kanak xalqına qarşı həyata keçirdiyi repressiv addımlar və hüquqların məhdudlaşdırılması məsələlərinə geniş yer ayrılıb.

Qeyd edilib ki, bu seçkilər yalnız əyalətlərin tərkibini deyil, həm də Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan proses yerli xalqın öz müqəddəratını təyinetmə hüququ üçün həlledici əhəmiyyət kəsb edir.

Məqalədə BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CERD) Fransaya xəbərdarlığına da diqqət çəkilib. Komitə rəsmi Parisə müraciət edərək bildirib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli xalqın iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçki ərəfəsində adadakı loyallistlərin (Fransaya sadiq qüvvələr) seçici siyahılarını genişləndirmək təşəbbüsü ciddi narahatlıq doğurur. Onlar Yeni Kaledoniyada doğulmuş şəxslərə və onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edirlər. Bu isə təxminən 10 min yeni seçicinin siyahıya daxil edilməsi deməkdir ki, nəticədə mövcud seçki balansı Kanak xalqının ziyanına dəyişə bilər.

Xatırladaq ki, 2019-cu ildən sonra keçirilməli olan seçkilər üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkilərin ən geci 2026-cı il iyunun 28-dək keçirilməli olduğunu bəyan edib. Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, ekspertlər bunu Kanak xalqının müstəqillik mübarizəsinə qarşı strateji gediş hesab edirlər.