BAKI, 6 aprel. TELEQRAF
Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində verdiyi bəyanat bir daha təsdiq etdi ki, Azərbaycan-Gürcüstan münasibətləri dərin tarixi köklərə, qarşılıqlı etimada və strateji maraqlara söykənən müttəfiqlik modelidir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, dövlət başçımızın vurğuladığı kimi, əsrlər boyu xalqlarımız arasında formalaşmış dostluq və qardaşlıq ənənələri bu gün dövlətlərarası münasibətlərin əsas sütununu təşkil edir:
"Bu münasibətlər düşünülmüş siyasətin, qarşılıqlı hörmətin və ortaq maraqların nəticəsidir. Məhz bu səbəbdən Azərbaycan və Gürcüstan regionda sabitliyin və əməkdaşlığın aparıcı qüvvələri kimi çıxış edirlər. Gürcüstanda mövcud olan siyasi sabitlik və əlverişli investisiya mühiti Azərbaycan investorlarının bu ölkəyə artan marağını şərtləndirir. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına qoyulan sərmayə qarşılıqlı etimadın real ifadəsidir. Ticarət dövriyyəsinin artım dinamikası onu göstərir ki, əməkdaşlıq daha geniş perspektivlər vəd edir.
Xüsusi olaraq qeyd edilməlidir ki, enerji və nəqliyyat sahəsində həyata keçirilən birgə layihələr yalnız iki ölkənin deyil, bütövlükdə geniş coğrafiyanın strateji maraqlarına xidmət edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Azərbaycan-Gürcüstan əməkdaşlığının dərin və çoxşaxəli olduğunu açıq şəkildə nümayiş etdirir. Sözügedən layihələr regionu qlobal enerji və nəqliyyat xəritəsində mühüm mərkəzlərdən birinə çevirib".

Deputat bildirib ki, bu gün Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda Azərbaycan və Gürcüstanın mövqeyi xüsusilə əhəmiyyətlidir:
"Regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atılan addımların davamlı olması üçün ölkələr arasında bu cür güclü tərəfdaşlıq həlledici rol oynayır. Ölkəmizin başçısının da qeyd etdiyi kimi, "Sülh yalnız imzalanmış sənədlərlə yetərli deyil. Biz hər an, hər addım atdıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim".
Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləməsi də bu münasibətlərin strateji xarakter daşıdığını göstərir. Bu, regionda təhlükəsizliyin təmin olunması baxımından mühüm amildir.
Əminliklə demək olar ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün region üçün nümunəvi əməkdaşlıq modelidir. Qarşılıqlı inam, ortaq maraqlar və qardaşlıq prinsipləri üzərində qurulan əlaqələr gələcəkdə daha da genişlənəcək və yeni uğurlara, nəaliyyətlərə imza atacaqdır".