Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifə göndərdiyi təbrik məktubunda belə deyilir.
"Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir" - məktubda qeyd edilib.
Prezident bildirib ki, çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir: "Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.
Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm".