BAKI, 15 mart. TELEQRAF
Azərbaycanın 2027-ci ilə qədər Avropa İttifaqına qaz ixracını ikiqat artıraraq illik 20 milyard kubmetrə çatdırmaq öhdəliyi regionun iqtisadi coğrafiyasını kökündən dəyişir.
Teleqraf xəbər verir ki, bu barədə "The Economist" jurnalının qlobal məsələlər üzrə redaktoru Alasdair Ross Qlobal Bakı Forumunun əlavə sessiyasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüskarı olduğu Qara dəniz sualtı elektrik kabeli və yaşıl enerji dəhlizi kimi layihələr Xəzər bərpa olunan resurslarının qitənin balansına inteqrasiyasından xəbər verir:
“Rusiyanın Ukraynadakı müharibəsi və İrandakı hərbi münaqişə cənub yollarını kəsdiyi üçün Trans-Xəzər marşrutu Brüsselin əsas gündəminə çevrilib”.
O vurğulayıb ki, 2022-ci ildən bəri bu xətt üzrə yükdaşıma həcmi kəskin yüksələrək milyonlarla tona çatıb və 2030-cu ilədək həmin göstəricinin bir neçə dəfə artırılması planlaşdırılır:
“Logistik imkanların genişlənməsi Mərkəzi Asiya və Cənubi Qafqazın sadəcə tranzit zonası deyil, həm də texnoloji tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır”.