BAKI, 14 fevral. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarə olunması ilə bağlı Rusiyaya məxsus konsessiya hüququnun üçüncü tərəf tərəfindən satın alına biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, söhbət həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan bir ölkədən gedə bilər. Onun sözlərinə görə, Naxçıvandan sonra beynəlxalq tərəfdaşlar marşrutları Ermənistanı yan keçməklə qurmağa daha çox meyl göstərirlər, çünki infrastrukturun idarəçiliyi Rusiya tərəfinin əlindədir.

Baş nazir vurğulayıb ki, İrəvanın Rusiyaya iradı yoxdur, lakin mövcud konsessiya ölkə üçün müəyyən rəqabət itkiləri yaradır.

“Fikrimcə, həll yolu ondan ibarətdir ki, bizimlə və Rusiya ilə dost münasibətləri olan hər hansı bir ölkə Rusiyadan konsessiya ilə idarəetmə hüququnu sadəcə satın alsın”, - deyə Paşinyan bildirib.

Hansı ölkənin nəzərdə tutulduğu barədə suala cavabında o, konkret variant olmadığını qeyd edib. Lakin nümunə kimi Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib.