BAKI, 8 dekabr. TELEQRAF
"Ölkə başçısının da qeyd etdiyi kimi dilimizdə əcnəbi sözlərin çoxluğu ilə bağlı məsələlər mövcuddur".
Teleqraf xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün əcnəbi sözlərin reklam çarxlarından çıxarılması ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericiliyə uyğun işlər görülüb. Bu sahədə dilin normalarına ciddi riayət edilir. Amma televiziya verilişlərində bu vəziyyət o qədər də ürəkaçan deyil”.
Şura sədri bildirib ki, televiziyalarda əcnəbi dillə bağlı monitorinqlər aparılır: “Süni intellekt proqramı sayəsində 40-a yaxın əcnəbi sözlərin monitorinqi aparılıb. Məsələn, “ok” sözündən gün ərzində telekanallarda aparıcılar kifayət qədər istifadə edir. Ona görə də, biz bununla bağlı kanallara xəbərdarlıq göndərəcəyik. Bununla bağlı cərimələr da var. Biz mediamızı cərimələmək istəməsək də, bundan başqa çıxış yolu qalmır”.