BAKI, 5 dekabr. TELEQRAF

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif edilir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub.

Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsin 244-1-ci maddənin mətni yeni redaksiyada a verilib. Belə ki, əkin yerinin yandırılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Həmçinin bu Məcəllənin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.