BAKI, 21 noyabr. TELEQRAF

"Azərbaycanın icmal gəlirlərinin, icmal büdcəsinin üçdə ikisi artıq neft amilindən tamamilə azad edilib".

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, faktiki olaraq Azərbaycanın icmal gəlirlərinin, icmal büdcəsinin üçdə ikisi artıq neft amilindən tamamilə azad edilib: "Bu siyasət davamlı olaraq həyata keçiriləcək. Digər məsələ icmal büdcə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-də payı ilə bağlıdır. Növbəti il üçün bu hədəf 19%-ə endirilib, cari ildən 3,4% aşağı göstərilibdir. Bu siyasət də davamlı olaraq həyata keçiriləcək və 2029-cu ilə, yəni ortamüddətli 1+3 illik dövrümüzün sonuna biz bu rəqəmi 13%-ə endirmək istəyirik ki, bu da həm büdcə, həm də maliyyə dayanıqlığımız baxımından çox önəmli bir nəticə olacaq, neft-qaz amilindən asılılığımızı ciddi şəkildə daha da aşağı çəkəcək".

Nazir qeyd edib ki, dövlət büdcəsinin icrası zamanı müdafiə olunan xərclər var: "Onların böyük əksəriyyəti cari xərclərdə toplanıb və bu xərclər hər zaman müdafiə olunduğuna görə, onların məhz neft-qaz qiymətlərindən asılı olmayan qeyri-neft, demək, sektordan gəlirlər hesabına qapanması, qarşılanması qarşımızda olan əsas hədəflərdən biri idi. Növbəti il də biz bu rəqəmi 88 %-ə qədər qarşılaya biləcəyik. Bu da cari illə müqayisədə təqribən 7 % artıqdır. Burada ortamüddətli hədəfimiz ondan ibarətdir ki, 2029-cu ildə bu rəqəm 100%-ə çatacaq".