BAKI, 20 oktyabr. TELEQRAF
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı mühüm əhəmiyyətə malik idi. Şuranın geniş tərkibdəki iclasında çıxış edən dövlətimizin başçısı olduqca vacib məsələlərdən bəhs edib. Azərbaycanın hər zaman MDB məkanında sülh və əməkdaşlığa tərəfdar olduğu qeyd edilib.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir: “Bu xüsusda ölkələrimizin MDB çərçivəsində əməkdaşlığı da olduqca önəmlidir. Məhz bunun bariz nümunəsi olaraq Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyi dəstəklənib. Həmçinin bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasi keçirilib. Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə nümayiş olunub.
Sözsüz ki, MDB-nin sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları da olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısı da çıxışında bu məqamlara toxunub. Bu yarışlar Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə keçirildi”.

Deputat hesab edir ki, MDB Dövlət Başçıları Şurasının iclası intensiv müzakirələrin aparılması baxımından önəmlidir: “Bu platformada da bir daha Azərbaycanın II Qarabağ müharibəsindən sonra yaratmış olduğu yeni reallıq, sülh, əməkdaşlıq, regional kommunikasiya xəttlərinin açılması fonunda yaranacaq situasiya önə çəkilib. Bu baxımdan da Azərbaycan üçün diplomatik platformada mövqeyini ortaya qoymaq, həm də MDB daxilində strateji maraqları dilə gətirmək üçün bu vacib imkan idi. Bu bir reallıq ki, MDB kimi platformalarda Azərbaycan aktiv iştirak edir. Prezident İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında etdiyi çıxış, Azərbaycana diplomatik arenada müəyyən mesajlar ötürmək baxımından düşünülmüş və məqsədyönlü bir addım kimi də dəyərləndirilir”.

Eldar Quliyev həmçinin Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakının da əhəmiyyətinə toxunub.
Vurğulayıb ki, bu Azərbaycan Prezidentinin regional və qlobal miqyasda yüksək nüfuzunun, dövlətimizə olan etimad və inamın göstəricisidir: “Azərbaycan dövlətinin sülh mövqeyi artıq beynəlxalq miqyasda təqdir olunur.
II Qarabağ müharibəsində sonra yaranmış yeni reallıq, bölgədə sülhə və təhlükəsizliyə ən başlıca təhdid olan Ermənistanın işğal faktının aradan qaldırılıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış qətnamələrini ölkəmiz təkbaşına icra etməklə beynəlxalq müstəvidə yeni bir yanaşma ortaya qoyub. Məhz Prezident İlham Əliyevin Misirdə Yaxın Şərq Sülh Sammitində iştirakı da bunun bariz nümunəsidir.

Yaxın Şərq Sülh Sammiti, regionda davam edən münaqişələrin həlli yollarını müzakirə etmək, humanitar böhranların qarşısını almaq və regional əməkdaşlıq imkanlarını dəyərləndirmək məqsədi daşıyırdı. Bu Sammitdə Azərbaycan Prezidentinin iştirakı isə tarixi əhəmiyyət kəsb edir.
Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətli bir regionla bağlı keçirilən yüksək səviyyəli tədbirdə dövlətimizin başçısının iştirakı ölkəmizin bu prosesə verəcəyi önəmin mahiyyətini nümayiş etdirmiş oldu. Azərbaycan ənənəvi olaraq region dövlətləri arasında balanslı münasibətlər saxlayır.
Ölkəmiz həm İsraillə, həm də Fələstinlə diplomatik münasibətlər qurub. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi İslam aləminin bir parçasıdır. Həmçinin ölkəmiz Avropa ilə sıx inteqrasiya prosesindədir. Bu yanaşma Azərbaycanın İslam həmrəyliyinə, həm də sivilizasiyalararası dialoqa verdiyi önəmin mahiyyətini göstərir”.