BAKI, 2 oktyabr. TELEQRAF
Azərbaycan və İtaliya münasibətlərinin tarixi qədimdir. Belə ki, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolundan bir çox ölkələrin tacirlərinin karvanları gedirdi. Və sözsüz ki, Xəzər limanlarına tez-tez üz tutan İtaliya tacirləri (o zamanlarda Venesiya və Genuya tacirləri) Bakı nefti haqqında məlumatlı idilər. Bu gün, müasir dövrdə İtaliya Azərbaycan neftinin ən böyük idxalçısı, aparıcı qaz alıcısı və ölkəmizin ən mühüm ticarət tərəfdaşlarından biridir. Bu mənada İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, aparılan müzakirələr olduqca əhəmiyyətlidir.
Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizini tamamlayan TAP vasitəsilə İtaliya Xəzər qazının Avropaya əsas giriş nöqtəsinə çevrilib: “Və bu sadəcə boru kəməri deyil, eyni zamanda, Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən uzanan geosiyasi arteriyadır. O, İtaliyaya, oradan isə bütün Cənubi Avropaya qaz tədarük edir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 %-i Azərbaycanın payına düşür və ölkəmiz Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Bu əməkdaşlıq enerji, təhsil, müdafiə, sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrini əhatə edir. Ölkəmizin başçı iki ölkə arasındakı münasibətlərə toxunaraq qeyd etdi ki: “İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”. İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusunun açılışı elmdən və təhsildən daha geniş məna daşıyır. Bu Azərbaycan-İtaliya münasibətlərinin simvolik formulunu təmsil edir. Azərbaycanın gələcəyini formalaşdıracaq yeni mühəndislər, memarlar, dizaynerlər, fermerlər və menecerlər nəsillərini hazırlayan bu universitet artıq canlı bir orqanizm kimi fəaliyyət göstərir. Və xüsusi ilə qeyd etmək lazımdır ki, hazırkı iqtisadi proseslərin və elmi texnologiyaların yaratdığı reallıqlar fonunda belə bir təhsil müəssisəsinin açılması əlamətdar bir hadisədir. Gənclərimizin rəqabətə dayanıqlı peşələrə yiyələnməsi, ölkə iqtisadiyyatının inkişafına töhfələr verməsi baxımından da bu Universitetin mühüm əhəmiyyəti vardır”.
Komitə sədri bildirib ki, bu xüsusda Prezident İlham Əliyevin fikirləri xüsusi əhəmiyyət kəsb edir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik”. Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, “qara qızılı insan kapitalına” çevirmək ideyası dövlət siyasətinin mühüm tərkib hissəsidir. Eyni zamanda, 2021-ci il tarixində təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də rəqabətli insan kapitalı məsələsinə xüsusi önəm verildiyi, beş əsas prioriterdən birinə çevrildiyi qeyd olunur. Bu istiqamətdə ardıcıl və sistemli iş aparılır”.
Hicran Hüseynovaya görə, Prezident İlham Əliyevin və Sercio Mattarellanın mətbuata verdikləri bəyanatları təsdiq edir ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq formal bəyannamə deyil: “Bu, əməli fəaliyyətlərdə, birgə layihələrdə, qarşılıqlı dəstəkdə özünü göstərir. Çoxşaxəli məsələləri əhatə edən əməkdaşlığın uzunmüddətli xarakter daşıması iki ölkə arasında münasibətləri davamlı və qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevirir. İtaliya üçün Bakı regionda mühüm tərəfdaşdır, Azərbaycan üçün isə Roma Avropa və Avro-Atlantik regionda etibarlı müttəfiqdir. Bu, Azərbaycanla bir çox digər aparıcı Avropa ölkələrinin qəbul edə biləcəyi qarşılıqlı faydalı əməkdaşlıq formatıdır”.