BAKI, 2 oktyabr. TELEQRAF
"İkitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti təqdirəlayiqdir".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir:
"Regional və beynəlxalq məsələlərə ortaq baxışlarımız, ümumi məqsədlərimiz və istəklərimiz, o cümlədən üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin mənafelərinə xidmət edir.
Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu vardır".