BAKI, 2 oktyabr. TELEQRAF
"Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb.
Prezident qeyd edib: "Ortaq soy-kök, tarix, dil, mədəniyyət, dini-mənəvi dəyərlər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə – müttəfiqlik pilləsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Keçən il imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliyinin və tərəfdaşlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin müstəsna rolunuzu və xidmətlərinizi xüsusi vurğulamaq istərdim".