BAKI, 1 oktyabr. TELEQRAF

Ukraynada müharibənin bitməsi üçün iki mümkün ssenari var: Finlandiya və ya Azərbaycan variantları.

Teleqraf “Observer” qəzetinə istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib .

"Finlandiya və ya Danimarka ssenarisinə görə, Ukrayna bu müharibədən bir dövlət kimi sağ çıxır, daha güclü olur, Qərb dünyasına qayıdır, amma ərazilərin bir hissəsini itirir. 19-cu əsrdə Danimarka onu ilhaq etmiş Prussiya ilə sərhəddə böyük ərazi olan Şlezviq və Holşteyni itirdi. Danimarka bununla barışdı və dedi: "Yaxşı, gəlin əlimizdə olanı quraq" və uğurlu bir ölkə qurdu. Finlandiya müharibəni SSRİ-yə uduzdu. Finlandiya dedi: "Bu, çox təhqiramizdir, uduzduq, amma nə olursa olsun, biz bununla barışdıq və malik olduğumuz sərhədlər daxilində layiqli bir ölkə qururuq". Mən bu ssenarini dəstəkləmirəm, lakin bunlar insanların və elitanın verdiyi tarixi qərarlardan nümunələridir" - deyə, Kuleba bildirib.

Keçmiş XİN rəhbərinə görə, Ukrayna üçün ikinci ssenari Azərbaycan variantıdır: "Bu ssenariyə görə, biz Azərbaycan-Ermənistan hipotetik alqoritminə doğru hərəkət edirik: bu əraziləri geri almağa və ya diplomatik yolla qaytarmağa hazırlaşırıq. Bunun üçün onilliklər sərf edərdik və onları geri qaytara biləcəyimiz anı gözləyərik".

"Biz düşündüyümüzdən qat-qat güclüyük. Və sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Ona görə də yeganə sual atəşkəsdən sonra kimin vaxtdan daha səmərəli istifadə etməsi olacaq", - Kuleba əmin edib.