BAKI, 29 sentyabr. TELEQRAF
Dəyişən dünyaya adaptasiya üçün bu kimi toplantılar çox ciddi əhəmiyyətə malikdir.
Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman qurumun Bakıda keçirilən beyin mərkəzlərinin konfransında jurnalistlərə açıqlamasında deyib.
“Biz təşkilat olaraq üzv dövlətlərin əlaqələrinin inkişafı üçün çalışırıq. TDT-nin yol xəritəsində olduqca vacib proqramlar nəzərdə tutulub. Prezindent İlham Əliyevin “Bizim ailəmiz türk dövlətləri təşkilatıdır” fikri bizim təşkilat olaraq devizimizə çevrilib. Dolayısı ilə biz digər təşkilatlara bənzəmirik” - Ömər Kocaman vurğulayıb.
O, TDT-nin Qəbələdəki zirvə görüşündə də olduqca önəmli proqram nəzərdə tutulduğunu əlavə edib.
"Bu toplantı Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından yeni ideya və təşəbbüslər üçün çox önəmli oldu. Növbəti görüşün 6–7 oktyabr tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu tədbir təşkilatımızın inkişafında yeni bir mərhələ olacaq. Türk Dövlətləri Təşkilatının yol xəritəsi və strateji çərçivəsi əsasında iqtisadi sahədə mühüm proqram və layihələr icra olunur və bu istiqamətdə əməkdaşlıq getdikcə dərinləşir.
Təşkilatımızı daim yeniləmək və dəyişən dünya nizamına uyğunlaşdırmaq böyük əhəmiyyət daşıyır. Azərbaycanda belə bir yüksək səviyyəli toplantının keçirilməsi olduqca önəmlidir",- Ömər Kocaman bildirib.