BAKI, 10 iyul. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elxan bəy, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün əhəmiyyətini, gözləntiləri necə dəyərləndirirsiniz?
- Bu görüşün vasitəçi olmadan keçirilməsi olduqca əhəmiyyətlidir. Birləşmiş Ərəb Əmirlikləri burada sadəcə olaraq məkan təqdim edib. BƏƏ Azərbaycanla və Ermənistanla sıx iqtisadi münasibətlərə malikdir. Hər iki dövlətə BƏƏ tərəfindən böyük sərmayələr qoyulub. Bu yatırımlara görə, BƏƏ Ermənistanda Rusiyanı da üstələyib. Praktiki baxımdan da Azərbaycanla Ermənistan arasında sülh bu ölkə üçün əhəmiyyətlidir. Bütün bunların fonunda BƏƏ öz neytarallığını qoruyur. Rusiya kimi proseslərə hər hansı bir diktə etmir.

- İkitərəfli formatda görüşün təşəbbüskarı və məkanı seçən tərəf Azərbaycan olub. Bu o deməkdir ki, Azərbaycan-Ermənistan danışıqlar prosesində hər hansı 3-cü tərəfə ehtiyac yoxdur. Üçüncü tərəf kimi bu prosesdə iştirakda maraqlı olanlar kimlər idi?
- Hiss olunur ki, tərəflər bu görüşə hazırlıqlı gəliblər, bunun fonunda irəliləyiş əldə etməyi planlaşdırıblar. Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı müxtəlif qüvvələrin birləşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Paşinyan II Qarabağ müharibəsindən sonra reallıqları anlayıb. Sadəcə olaraq Azərbaycan bu reallıqlar fonunda Ermənistan tərəfinin real addımlar atmasını da gözləyir. Bu konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Bunlar olarsa, Paşinyanla sülh sazişinin imzalanması çətin olmayacaq. Paşinyanı devirsələr, öldürsələr və onun əvəzinə radikallar hakimiyyətə gəlsələr, bu yenidən Azərbaycana qarşı müharibə deməkdir. Çünki o qüvvələr Azərbaycanla və Türkiyə ilə sülhün əleyhinədirlər.
- Sözsüz ki, Əbu-Dabi görüşündə sülh müqaviləsi imzalanmasa da, amma razılaşmanın əldə olunmasına doğru təşkil edilən bir irəliləyişdir. Zəngəzur dəhlizinin açılmasının da görüşün əsas müzakirə mövzusu olacağı deyilir. Bu istiqamətdəki irəliləyişlərin olması gözlənilirmi?
- Görüşün nəticəsi olaraq tərəflər arasında niyyət protokolu və ümumi bəyanat qəbul edilə bilər. Çərçivə sazişinin imzalanması barədə də fikirlər var. Təbii ki, bunlar irəliyə doğru atılmış çox ciddi addım olacaq. Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni tam razılaşdırılıb. Ona görə də tərəflər arasında ən azı çərçivə sazişinin imzalanması üçün heç bir maneə yoxdur. Azərbaycanın sülh sazişi ilə bağlı ilkin tələbləri var. Bu Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması və Minsk Qrupundan imtina ilə bağlıdır. Minsk Qrupundan imtina məsələsini rəsmi İrəvan qəbul edib. Sülh sazişi imzalanan günü bundan imtina edəcəkləri ilə bağlı açıqlama veriblər. Ona görə də bu günki görüşdən gözləntilər daha çox iki variant üzərində fokslanıb. Tərəflər arasında niyyətləri əks etdirən çərçivə sazişi imzalana bilər. Bu sülh sazişi olmasa da yekun razılaşmaya doğru ilk addım deməkdir. Həmçinin tərəflər arasında ümumi bir bəyanatın qəbul edilməsi də gözlənilir. Əslində Azərbaycan tərəfinin sülhlə bağlı görüş təklifi Ermənistanda baş verən hadisələri düzgün analiz edərək bu məsələnin sürətləndirlməsi ilə bağlı niyyəti kimi ifadə olunur.

- Çərçivə sazişi hansı şərtlər əsasında imzalana bilər?
- Bu niyyət protokoludur. Paşinyan konstitusiya dəyişikliklərinə gedib Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları aradan qaldırsa, bu niyyət protokoluna salına bilər. Əslində çərçivə sazişinin imzalanması sülh razılaşmasının imzalanmasını daha da sürətləndirər. Bu gün Paşinyan çox ağır vəziyyətdədir. Onu xilas edəcək yeganə alternativ Azərbaycanla sülh sazişinin imzalanması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Bununla Paşinyanın da daxildə əli bir qədər güclənə bilər.
- Ermənistan Azərbaycanın sülh konsepsiyasını qəbul edir. Regionda sülhü pozmaq istəyən qüvvələr var. Ermənistan özü də bunu başa düşür ki, sülhü korlamaq istəyən kimlərdir?
- Regionda sülhü pozan qüvvələr Paşinyanla imzalanacaq niyyət protokolunu belə kənar atmaqla atmaq avtomatik olaraq yeni müharibəyə başlamış olacaqlar. Belə olan halda Azərbaycan tarixi ərazilərinin geri qaytarılması ilə bağlı ciddi addımlar ata bilər. Ermənistandakı radikal qüvvələr sülhün əleyhinə olmaqla yanaşı Paşinyanı devirməyə çalışırılar. Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sazişi Paşinyanı devirmək istəyən qüvvələrə, Rusiyadakı müəyyən şovinist dairələrə bir mesaj olar.