BAKI, 2 iyul. TELEQRAF

Rusiyanın Yekaterenburq şəhərində OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi - red) azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürən və saxlanılan azərbaycanlılara qarşı xüsusi amansızlıq göstərən polis zabitlərinin adı məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb.

Cinayətkar polis dəstəsinə Yekaterenburq Şəhər Polis İdarəsinin rəisi polkovnik Viktor Poznyak rəhbərlik edir. Onun müavini və İstintaq İdarəsinin rəisi polkovnik Nikolay Poçayevetsdir. Digər müavin isə polkovnik-leytenant Rafael Xamidulindir. Polis rəisinin şəxsi heyətlə iş üzrə müavini Aleksandr Smirnıxdır. Məhz bu dörd polis zabitinin basqın planını hazırlayaraq həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.

Toplanan materiallar əsasında Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaq qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.