LAÇIN, 2 iyul. TELEQRAF
"Qadınların rəqamsal bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atmalıyıq".
Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İqtiqadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Silapberdi Nurberdiyev ilk dəfə Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumunda deyib.
O bildirib ki, təşkilat gender bərabərliyi istiqamətində mühüm addımlar atır:
"İƏT qadınların dəstəklənməsi istiqamətində israrlıdır. Qadınlar mühüm qərarların qəbul olunmasında vacib rol oynayır. Onlar iqtisadi sahədə aktiv olmalıdır. Forum çərçivəsində daha yaxşı anlayacağıq ki, qadın güclü iqtisadi cəmiyyətin qurulmasında hansı rol oynaya bilər. Biz iqlim problemlərinin həllində qadınlara imkan yaratmalı, yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq. Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik".
İƏT rəsmisi vurğulayıb ki, adətən ənənəvi sahələrdə qadınlara dəstək göstərilir:
"Bundan sonra texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəni və idman sahəsində qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməliyik, real fəaliyyətə keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır. Biz mütləq olaraq tədbirlər görməliyik. Əsas prioritet qadınların elmi, riyazi bacarıqlarının artırılmasıdır. Gender əsasında zorakılığın qarşısı alınmalıdır. Qadına xüsusi hörmət olmalıdır".