BAKI, 25 iyun. TELEQRAF
Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilən hərbçilər hazırda ordu rəhbərliyində təmsil olunurlar.
Teleqraf-ın əldə etdiyi xəbər görə, general-mayor rütbəsi alan Vasif Xəlilov Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisidir.
Ali hərbi rütbə ilə mükafatlandırılan İdris Məhərrəmov Azərbaycan Ordusunun hərbi hissələrindən birinin komandiridir.
O, 10 iyun 1975-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olub. 1982-ci ildə Çaytumas kənd tam orta məktəbinə daxil olub,1992-ci ildə həmin məktəbi bitilib. Sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı, 2012-ci ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.
İdris Məhərrəmov 2020-ci ilin Vətən müharibəsində ön cəbhədə döyüşüb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində böyük şücaətlər göstərib.
Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə İ.Məhərrəmov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
General-mayor rütbəsi verilən Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir.
Elgün Əliyev isə Hərbi Polisin rəisidir. O, Vətən müharibəsində iştirak edib. Azərbaycan Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.