BAKI, 21 iyun. TELEQRAF

Prezident İlham Əliyev iyunun 21-də dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla iki nəfərə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib. Bunlar Əliyev Niyaz Novruz oğlu, Səlimov Rauf Ağaməmməd oğludur.

Teleqraf xəbər verir ki, Rauf Səlimov Dövlət Statistika Komitəsi sədrinin müavinidir. O, 1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. İqtisad elmləri namizədidir.

1985-ci ildən 1989-cu ilədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləyib. Azərbaycan Prezidentinin 2007-ci il 5 mart tarixli sərancamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Niyaz Əliyev isə Prezident Administrasiyasının ərazi-təşkilati məsələlər şöbəsi müdirinin müavinidir.

Qeyd edək ki, “Vətənə xidmətə görə” ordeni 7 noyabr 2003-cü ildə təsis edilib. Ordenin 3 dərəcəsi var.

Orden aşağıdakı hallara görə verilir:

- Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

- dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;

- milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

"Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.

"Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.