BAKI, 19 mart. TELEQRAF

Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərlə görüşündə verdiyi mesajlar olduqca önəmlidir. Suqovuşan kəndinin azad edilməsi Vətən müharibəsinin əsas simvollarından biri hesab edilir. Coğrafi mövqeyinə görə, Suqovuşan kəndinin azad edilməsi asan olsa da, amma yüksəkliklərdə olan erməni postları tərəfindən bura daima atəş altında saxlanılırdı. Vətən müharibəsinin ilk günlərində bu kəndi, daha sonra hər gün yeni yaşayış məntəqələrini və yüksəklikləri erməni işğalçılarından təmizlənməsi ilə Azərbaycan qısa müddətdə işğal altında olan torpaqlarını azad etdi.

Bu sözləri Teleqraf-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Azərbaycan yeganə ölkə oldu ki, işğal altında olan torpaqlarını qısa zamanda azad edə bildi: “Ermənistan böyük dəstəyə malik idi. O silahlandırılır və ona siyasi dəstək verilirdi. Vətən müharibəsi başladıqda böyük dövlətlərin necə mövqe tutacağı aydın deyildi. Həmin dövrdə Ermənistana yüksək səviyyədə verilən diplomatik dəstək də bunu təsdiq edir. Ancaq Azərbaycan dövlətinin torpaqlarını işğaldan azad etməsinə ciddi sürətdə hazırlaşması və Ali Baş Komandan, Prezident İlham Əliyevin uzun müddətli düşünülmüş strateji xətti öz nəticəsini verdi. Azərbaycan iqtisadiyyatı gücləndi, müasir ordu quruldu, ən müasir silahlar alındı. Bundan başqa cəmiyyətdə mövcud olan hərbi vətənpərvərlik ruhiyyəsi də insanlarımızı qələbəyə yönəltdi. Beləliklə, qısa zamanda torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixində çox önəmli hadisə oldu”.

Aydın Mirzəzadə XIX əsrin əvvəllərində Azərbaycan xalqının əlindən dövlətçiliyin alınması, ərazilərimizin başqa dövlətlərin tərkibində olması səbəbindən ermənilərin azərbaycanlıları kütləvi sürətdə köçürmələrinə diqqət çəkərək deyib: “Zaman-zaman torpaqlarımızın Ermənistana verilməsi isə Azərbaycanın suveren ərazilərinin bir hissəsinin işğalına gətirib çıxarıb. Bütün bunlara baxmayaraq, qətiyyət, düşünülmüş siyasət, güclü Lider faktoru Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu gün ölkəmiz dünyada problemlərini özü həll edən nadir dövlətlərdəndir. Faktiki olaraq ölkəmizə iqtisadiyyatın güclənməsində, ordu quruculuğunda bir neçə dövlətdən başqa heç bir ölkə dəstək olmayıb. Bu gün işğaldan azad edilən ərazilərin bərpası da Azərbaycan dövlətinin öz resursları hesabına həyata keçirilir. Prezident İlham Əliyev vaxtaşırı tarix yazdığı azad edilmiş ərazilərdə quruculuq-abadlıq işləri ilə tanış olur. Yerli əhalinin doğma torpaqlarına qayıtmasının ölkə başçısı tərəfindən təbrik edilməsi isə unikal hadisədir. İnsanlar bu qələbənin, öz torpaqlarına qayıtmasının Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təmin edildiyinin fərqinə varır”.

Deputat əlavə edib ki, Azərbaycan bundan sonra da suveren hüquqlarının qorunması üçün maksimum səylər göstərəcək: "Dövlətimiz bundan sonra əhalilin təhlükəsiz və rifah içərisində yaşaması üçün bütün işləri görəcək. Prezident İlham Əliyevin Ağdərədə Novruz tonqalını yandırması, Suqovuşan kəndinə geri qayıtmış insanlara mənzillərin açarlarını təqdim etməsi, gələcəyə dair planları insanlarla bölüşməsi qürurverici mənzərə idi. Xalqla hakimiyyətin birliyi, xalqın öz Liderini dəstəkləməsi bundan sonra Azərbaycan dövlətinin qüdrətlənməsində, ayaqüstə möhkəm dayanmasında vacib faktorlardan biri olacaq”.