BAKI, 27 fevral. TELEQRAF

Erməni katolikos II Qaregin yenidən müharibə və mübarizəyə çağırış edib. O iddia edir ki, Ermənistan “təhlükə”dədir. Görünən odur ki, kilsə anti-sülh bəyanatlarını davam etdirir. I və II Qarabağ müharibəsində aktiv iştirak edən erməni kilsəsi yenidən münaqişəni körükləmək niyyətindədir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili xristianlıqda müharibəyə çağırışın olmadığını deyib.

İcma sədri bildirib ki, erməni katolikos tərəfindən edilən müharibə çağırışları ilk hal deyil: “Din xadiminin cəmiyyəti döyüşə, müharibəyə səsləməsi heç bir çərçivəyə sığmır. II Qareginlə yanaşı Böyük Kilikiya Evinin katolikosu I Aram da təxribat xarakterli açıqlamalar verir. Onlar vaxtilə Qarabağda olan separatçıların müharibəyə təşviqi ilə bağlı bəyanatlar verirdi”.

“Əslində dünya din xadimləri II Qareginin bu cür “davranış”larını qəbul etmir və pisləyir. Xristianlıqda bu, qəbul edilməyən haldır. Din xadimi sülhə tərəfdar olmalıdır. Amma Ermənistanda kilsə çoxdan siyasiləşib və proseslərə müdaxilə edir. 44 günlük müharibədən sonra Qarabağda olan alban icmasının dini abidələrini erməni kilsəsi öz adına çıxmağa çalışsa da, cəhdləri uğursuz oldu. İndi isə öz mövcudluqlarını göstərmək üçün siyasi motivli bəyanatlar verməkdən çəkinmirlər”, - Robert Mobili əlavə edib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da erməni kilsəsinin hər zaman işğalda, təcavüzdə maraqlı olduğunu deyib.

Komitə sədri bildirib ki, erməni kilsəsi tərəfindən işğal, müharibə, təcavüzlə bağlı çağırışlar onun mahiyyətini göstərir: “Əslində din xadiminin bu cür açıqlamalar verməsi qəbuledilməzdir. Bu, xristan dininin prinsipləri və hədəflərinə ziddir. İsa peyğəmbər buyururdu ki, “sənin bir üzündən vuran şəxsə, digər üzünü də göstər”. Çünki xristianlıq insanları qətlə yetirməyi, cəza verməyi qəti şəkildə rədd edir. Ermənistanda isə kilsə öz varlığını Azərbaycan və türk düşmənçiliyi üzərində qurub”.

“Artıq kilsənin görəcəyi bir iş qalmayıb. Belə çağırışlar mənasızdır. II Qaregin kimi şəxslər hərəkətlərində və bəyanatlarında diqqətli olmalıdır. Azərbaycan bölgədə yeni reallıq yaradıb. Bu reallığı heç kəs dəyişə bilməz. Erməni keşiş də xristianlığın prinsiplərinə xidmət edən yol seçməlidir. Digər istiqamət onlara uğur gətirməyəcək”, - Ceyhun Məmmədov bildirib.

Qeyd edək ki, 2018-ci ilin mayından Nikol Paşinyan kilsəni sıxışdırır. O, erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab edir. Bildirir ki, dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, “bəs niyə kilsə şam satanda ödəmir?”