Azərbaycan beynəlxalq müstəvidə uğurlu siyasət həyata keçirir. Bu baxımdan, Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi vurğulanmalıdır. Aİ-nin Azərbaycan ilə sıx münasibətləri bu qurumun ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək fonunda formalaşıb. Belə ki, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü əsas element olaraq daim xüsusi yer tutur. Eyni zamanda, tərəflər arasında enerji sahəsində əməkdaşlıq xüsusilə vurğulanmalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Onun fikrincə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır:

“İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyev Avropa Komissiyasının prezidenti ilə geniş tərkibdə görüşündə bildirib ki, bu səfər həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Enerji təhlükəsizliyinə aid məsələlərin birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biri olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bundan başqa biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen isə bildirib ki, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var: “Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik”. Daha sonra Prezident İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”.

Millət vəkilinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur:

“Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək. Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də töhfələr verir. Bu mənada Avropa İttifaqının vasitəçiliyi səmərə verəcək. Çünki məqsəd regionun tərəqqisinə nail olmaqdır. Digər tərəfdən, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsinə xidmət edəcək”.