“Moskva Qərbin sürətlə Cənubi Qafqaza irəliləməsini istəmirsə, onda ermənilərin qanunsuz silahlı birləşmələrini Qarabağın dağlıq hissəsindən çıxarmalı, delimitasiya və demarkasiya prosesinə şərait yaratmalıdır. Həmçinin Ermənistan və Azərbaycan arasındakı sabitlik Rusiyanın maraqlarına cavab verməlidir. Amma Moskvada düşünürlər ki, qanunsuz birləşmələrin bölgədə qalması Rusiyaya Ermənistan və Azərbaycana təzyiq etməyə imkan yaradır.
Son proseslər isə göstərir ki, Ermənistan Qərbə doğru addımlayır, xəlvətcə onun qapısını döyür”.
“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- ABŞ-dan Bakı və İrəvana telefon zəngləri artır, Avropa Birliyi görüş təşkil edir, bir tərəfdə də üçtərəfli anlaşmaların yerinə yetirilməsinin vacibliyi mesajını verən, amma reallıqda heç bir addım atmayan Rusiya var. Qərb və Rusiya arasında fırlanan bir prosesdən söhbət gedir. Bunun içindən necə çıxacağıq: hansı tərəfə inanmalıyıq, bölgəyə kimin təşəbbüsü sülhü gətirə bilər?
- Təəssüf ki, təşəbbüslər ötən illər ərzində münaqişənin həllinə heç bir töhfə verməyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən edilir. Bu təşəbbüslər ədalətli olmadığından ziddiyyətlərin daha da dərinləşməsinə yol açır. Biz görürük ki, Ukraynadakı müharibə fonunda yenidən Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasına start verilir. Əslində, bu, on il əvvəldən də gözlənilən idi. Əgər ötən illərdə bu qarşıdurma Qara dənizin qərb hissəsində gedirdisə, 2020-ci ildən sonra bu prosesin Cənubi Qafqaz və Mərkəzi Asiyaya sıçrayacağı proqnozlaşdırılırdı. Son zamanlarda ABŞ və ayrı-ayrı Qərb dövlətlərinin Cənubi Qafqaza artan maraqları da bu rakursdan təhlil edilməlidir. Əlbəttə, bunun obyektiv tərəfləri də var. Bu da ondan ibarətdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar və ya Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi fonunda Avrasiyanın orta – “Böyük İpək Yolu”nun mərkəzi xətti, eləcə də Azərbaycanın coğrafi mövqeyi həm nəqliyyat-kommunikasiya, həm də enerji layihələri baxımından Qərb üçün çox cəlbedicidir. Buna görə də, biz qarşıdakı aylarda Qərb və Azərbaycan arasında daha çox iqtisadi layihələrin həyata keçirilməsinə şahidlik edə bilərik.

Digər yandan, bu gün Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə olması və ona alternativ görməməsi səbəbindən ABŞ, Fransa və digər bir sıra Qərb ölkələri Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe sərgiləmirlər. Hətta Nikol Paşinyanı müdafiə edən bəyanatlar da verirlər. Çünki Ermənistan baş nazirinin daxildəki reytinqinin yüksəkdə qalması Qərb üçün prioritetdir. İrəvandakı son mitinq də göstərdi ki, Rusiya Paşinyana qarşı əlindəki təzyiq vasitələrindən istifadə etməyə başlayıb.
Azərbaycan isə yerdəki məsələləri öz dostlarıyla həll edəcək. Təbii ki, bu prosesdə yer almaq istəyənlər də dünyada söz sahibi və nüfuzu olan dövlətlərdir. Onlarla münasibətlərin qorunması və balansın saxlanılması bundan sonra da davam edəcək. Amma o ölkələr anlamalıdırlar ki, regionda öz maraqlarını təmin etmək istəyirlərsə, qalib gələn və gələcəkdə də udacaq, bölgədə tarixi ədalətli bərpa edən Azərbaycanın maraqlarını nəzərə almalıdırlar. Bu, onlar, xüsusən də qonşu ölkələr üçün bir şansdır ki, doğrudan da bu bölgənin itirilməsini istəmirlərsə, onda ənənəvi siyasətlərindən əl çəkməli və “erməni məsələsi”nə dəstək verməməlidirlər.
- Bəs ABŞ və ya Qərbin Cənubi Qafqazdakı fəallığını və buradakı hədəflərini görən Rusiyanın yanaşması necə ola bilər, məsələn, ABŞ və ya Fransanın göstərmədiyi ədaləti o göstərəcəkmi? Ortada Rusiya lideri Vladimir Putinin imzası olan, amma yerinə yetirilməmiş üçtərəfli anlaşmalar var.
- Bu anlaşmaların yerinə yetirilməməsi Ermənistan və Azərbaycan, eləcə də bəzi məsələlərlə bağlı Rusiya və Azərbaycan arasındakı ziddiyyətlərin dərinləşməsinə gətirib çıxara bilər. Bunun gec-tez bölgədə Azərbaycan və Ermənistan arasında yeni silahlı qarşıdurmaya səbəb olması da mümkündür. Buna görə də, üçtərəfli anlaşmaların bəndləri dərhal yerinə yetirilməlidir. Güman edirəm ki, üçtərəfli anlaşmalardakı bəzi məsələlərlə bağlı Rusiyanın hərbi və siyasi elitaları arasında fikir ayrılıqları var. Biz bunu Fərrux məsələsində də gördük. Rusiyanın hərbi və siyasi rəhbərliklərinin bu məsələyə münasibəti bir-birindən fərqli oldu.
Eyni zamanda, Moskva Qərbin sürətlə Cənubi Qafqaza irəliləməsini istəmirsə, onda ermənilərin qanunsuz silahlı birləşmələrini Qarabağın dağlıq hissəsindən çıxarmalı, delimitasiya və demarkasiya prosesinə şərait yaratmalıdır. Həmçinin Ermənistan və Azərbaycan arasındakı sabitlik Rusiyanın maraqlarına cavab verməlidir. Amma Moskvada düşünürlər ki, qanunsuz birləşmələrin bölgədə qalması Rusiyaya Ermənistan və Azərbaycana təzyiq etməyə imkan yaradır.
Son proseslər isə göstərir ki, Ermənistan Qərbə doğru addımlayır, xəlvətcə onun qapısını döyür.
Moskva bölgədəki proseslərdə aparıcı rol oynamaq üçün Azərbaycanın maraqlarını nəzərə almalıdır, eyni zamanda, bölgədə Türkiyə ilə birgə fəaliyyət onun üçün vacib olmalıdır. Bu, Rusiyanın öz seçimidir, bu seçimi necə edəcəyini isə zaman göstərəcək.
Azərbaycana gəldikdə, hesab edirəm ki, Bakı bundan sonra da Qərb və Rusiya arasında balans siyasətini davam etdirməlidir. Biz qarşıdakı aylarda Azərbaycan-Avropa Birliyi münasibətlərinə dair yeni sazişin imzalanacağını gözləyirik. Həmin sazişin imzalanmasından sonra Avropa Birliyi və Azərbaycan arasında iqtisadi və ticari məsələlərlə bağlı layihələrin həyata keçirilməsinin şahidi ola bilərik.
Digər yandan, sanksiyalar altında olan Rusiyanın dünyaya çıxışı üçün ən optimal yol Azərbaycandan keçir. Həm nəqliyyat, həm də kənd təsərrüfatı və ticarətin digər sahələri ilə bağlı Şimal-Cənub yolu müstəsna əhəmiyyətə malik olmalıdır, Rusiya bunu anlamalıdır. Beləliklə, biz Azərbaycanın həm Qərb, həm də Rusiya üçün önəmli olduğunu görürük. Amma təəssüf ki, həmin vektordakı müəyyən qruplar “erməni məsələsi”ni gündəmdə saxlamağa çalışırlar, düşünürlər ki, bu regiondakı varlığını təmin edir.
- Real vəziyyəti qiymətləndirsək, gedişat Azərbaycanın xeyrinədirmi?
- Birmənalı olaraq, real vəziyyət Azərbaycanın lehinədir. Ötən otuz il ərzində biz Ermənistanə xəbərdar edirdik, hər dəfə qulaqardına vururdu, bu gün isə nəticəsi bəllidir. Əgər indi Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyasına getmirsə və ya bunu gecikdirirsə, Zəngəzur dəhlizinin açılmasını əngəlləyirsə, olsun. O zaman biz də tarixi Azərbaycan əraziləri olan Zəngəzur və Göyçəyə olan haqlı iddiamızı qaldıracağıq. Madam ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəmir, o zaman biz də Zəngəzur və Göyçəni Ermənistan ərazisi kimi tanımayacağıq.
Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılışını əngəlləməsi Ermənistana heç bir xeyir gətirməyəcək, özünü qazana biləcəyi iqtisadi dividentlərdən məhrum edəcək. Ermənistan bununla yenə də dünyaya açılan pəncərəsini bağlayacaq, balaca bir nəfəsliyi yenə də İran və Gürcüstanda axtaracaq. Bu, sosial-iqtisadi problemlərin məngənəsində çapalayan Ermənistanı xilas etməyəcək. Hesab edirəm ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət bu ölkənin tənəzzülünün təməlini təşkil edir.
Ötən gün İrəvanda keçirilən aksiya Ermənistan müxalifətinin Paşinyandan da səfil gündə olduğunu bir daha ortaya qoydu. Ermənistan müxalifəti və hakimiyyətinin səsləndirdiyi fikirlərdən belə anlaşılır ki, onlar dalan rolunu oynamağı davam etdirmək istəyirlər. Əgər kimsə Azərbaycan ərazilərini yenə də işğal etmək istəyirsə, bu o deməkdir ki, həmin ölkə yenə də bizim üçün təhdiddir. Bu təhdid və təhlükəni zərərsizləşdirməyin yolunu bilirik. Belə davam edəcəksə, bunu edəcəyik.