Aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq. Brüssel görüşünün gündəliyi hələlik məlum olmasa da, Bakı və İrəvandan sülh sazişinə dair müsbət mesajlar səsləndirilir. Lakin vurğulamaq lazımdır ki, bu,Ermənistan rəsmilərinin liberallığından irəli gələn mesajlar deyil. Bu dünyada mövcud geosiyasi vəziyyət ilə əlaqədardır. Azərbaycan müharibənin bitməsi ilə yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Bunun üçün müvafiq təklif və təşəbbüslər irəli sürülür, diplomatik təmaslar davam etdirilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Brüssel görüşünün mühüm əhəmiyyəti var:
“Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdə 6 apreldə keçirilməsi planlaşdırılan Brüssel görüşü barəsində məlumat verib. Dövlət başçısı vuruğlayıb: "Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək". Qlobal, beynəlxalq, regional və lokal faktorların qarşılıqlı təsirindən çıxış etsək, ölkə başçısının ümidlərinin böyük ehtimalla Brüsseldə doğrulacağını yəqin etmək olar. İndi həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması geosiyasi qüvvələr və qütblərin, eləcə də regional güc mərkəzlərinin diqqətindədir. Aİ-nin prosesdə aktiv iştirakına gəlincə, bu da bir sıra siyasi, iqtidasi və geostrateji məsələləri özündə ehtiva edir. Qurumun Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi postmüharibə dövrünün reallıqları ilə bağlıdır. Bu, bölgədə yeni təhlükəsizlik və geosiyasi əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqı üçün siyasi prestij və əlavə iqtisadi imkanlar gətirər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, Aİ yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək, bununla da alternativ güc mərkəzinə çevrilmək üçün istifadə etmək niyyətindədir”.
Millət vəkili hesab edir ki, bir müddət əvvəl Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib:
“Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipi əks olunub; dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır. Ermənistanın şərtləri qəbul etməkdən və sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Çünki haqlı və qalib Azərbaycanın irəli sürdüyü şərtlər konstruktiv məzmuna malikdir. Regionda maraqları olan müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Moskva, Soçi və Brüssel görüşünün yekunları da sülh müqaviləsinin imzalanması məsələsinin əsas gündəm mövzusunu təşkil etdiyini, Azərbaycanın mövqeyinin əsas götürüldüyünü göstərir. Əgər mövqelərin dəyişməsi gündəmə gətirilsə, gərək Azərbaycan yox, Ermənistan mövqeyini dəyişsin. Bizim heç bir umacağımız yoxdur. Avropa istəsə də, istəməsə də Azərbaycanın mövqeyini nəzərə almalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Minsk qrupunun gündəmə gətirilməsinə məsələsi də əhəmiyyətsizdir. Artıq vasitəçilərin prosesə qaytarılmasından söhbət gedə bilməz. Belə bir ehtimal yoxdur. Minsk qrupu təsirini itirmiş təsisatdır. Onun meydana qayıtması mümkün deyil”.