Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Prezident İlham Əliyev ötən gün ATƏT sədri ilə görüşündə Ermənistan tərəfinin Azərbaycanın təkliflərinə müsbət cavabından bəhs etdi. Yekun sülh üçün bu yanaşmalar nə dərəcədə əhəmiyyətli ola bilər?

- Ermənistan tərəfindən pozitiv mesajlar almağa başlamışıq. Amma bu mesajların alınması heç də Ermənistanın xoş və daxildən formalaşan bir niyyəti kimi də qiymətləndirilməməlidir. Bu Azərbaycanın yaratdığı reallıqdır. Bunun proseslərə birbaşa təsiri, qəbul olunması vacibdir. Burada başqa bir izaha ehtiyac yoxdur. Təxminən iki ilə yaxındır ki, Ermənistan üç tərəfli razılaşmanın müddəalarını pozmağa çalışır. Amma bu cəhdləri alınmadı. Nəticədə onlar illər uzunu istifadə etdiyi təxribat metodlarına əl atdılar. Bundan sonra törətdikləri təxribatlarına layiqli cavabların almalı oldular. Azərbaycan Ordusu növbəti dəfə onlara Dəmir Yumruğun yerində olduğunu nümayiş etdirdi. Məhz bu cavabdan sonra erməni tərəfi müsbət mesajlar verməyə məcbur oldu. Ötən günlərdə Avropa Şurasında da bununla bağlı bir iclas oldu. Həmçinin Milli Məclisin spikeri Sahidə Qafarovanın Qazaxıstanda erməni spikerə cavabından sonra da o özü də etiraf etdi ki, Azərbaycanla sülh prosesinə başlamğa hazırdırlar. Nikol Paşinyan da mesajlar verməyə çalışır ki, Azərbaycanın təklif etdiyi 5 bəndlik müddəalarla bağlı danışıqlar aparmağa hazırdır. Əgər onlar hazırdırlarsa, bütün məsələlər açıqdır. Buyurub bütün məsələləri müzakirə edib yekun müqaviləyə imza atsınlar. Ermənilər heç olmasa imza atdıqları üçtərəfli bəyanata hörmətlə yanaşsınlar. Bəlkə bundan sonra Qarabağda hələ də qalmaqda olan erməni silahlılarını ərazidən çıxarmaq mümkün ola bilər. Ona görə də, bu cür yanaşmaların müsbət bir aurası var. Amma başa düşmək lazımdır ki, müsbət mesajlar sülhə məcburetmə prosesinin məntiqi davamıdır.

- Qarabağda baş verən son proseslər fonunda Ermənistan tərəfinin sülh çağırışlarını növbəti dəfə vaxt qazanmaq üçün edilən bir cəhd kimi də başa düşmək olarmı?

- Sözsüz ki, bu niyyətin içərisində belə yanaşmaların olması ehtimalı var. Onlar regionda cərəyan edən vəziyyət müqabilində yekun qərar vermək istəyindədir. Gözləyirlər ki, Rusiyanın rolu və yeri müəyyənləşsin. Ümumiyyətlə dünyada gedən proseslərlə bağlı da fərqli düşüncələri var. Çalışırlar ki, buradakı prosesləri dünya gündəminə daşısınlar. Məqsədləri odur ki, prosesin gedişində mümkün qədər çox vaxt udsunlar. Faktiki olaraq iki ilə yaxındır ki, onlar bu işlə məşğul oldur. Amma yekunda növbəti dəfə Dəmir Yumruq zərbəsi ilə üzləşməli oldular. Əksinə onlar nə qədər tez bu məsələləri həll etsələr, bir o qədər daha yaxşı olacaq. Bundan sonra onlar özləri üçün maraqlı olan hədəflərinə nail ola bilər. Əks halda daha çətin bir situasiya ilə üzləşəcəklər.

- Brüssel görüşündən gözləntilər nədən ibarətdir? Sizcə, növbəti belə bir görüşün baş tutması prosesin irəli aparılmasında nə dərəcədə təsirli olacaq?

- Artıq bir neçə dəfə belə bir mənzərənin şahidi oluruq. Brüsseldə görüş razılaşdırılan kimi Moskva hərəkətə keçir. Bu görüş elan edilən kimi də Rusiya addım atmağa başladı. Ona görə də Brüsseldə gedəcək danışıqlara optimist yanaşmaq olar. Bu gün Azərbaycanın Avropa Birliyi ilə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Belə münasibətlər iki tərəfli xarakter daşıyır. Azərbaycan və Avropa Birliyi üçün münasibət inkişafı vacib məsələ kimi qəbul edilir. Ermənistan da çalışır ki, tam şəkildə Rusiyanın təsiri altına düşməsin. Çünki beynəlxalq səviyyədə Rusiyanın imici indiki şəritdə göz önündədir. Bu baxımdan da Ermənistan Brüssel görüşündə maksimum çalışacaq ki, konstruktiv mövqe sərgiləsin. Bununda Azərbaycan üçün müsbət təsirləri olacaq.

- Rusiyanın təşəbbüsləri haqqında nə demək olar?

- Rusiyanın təşəbbüsləri də təhlil edilməlidir. Bu təşəbbüslərin ümumi prosesə müsbət təsiri olacaqsa, bunu qəbul etmək olar. Ona görə də, bu istiqamətdə ehtiyyatlı addım atmaq lazımdır. Son zamanlar baş vermiş hadisələr fonunda sülhməramlıların hərəkətlərini də unutmaq olmaz. Azərbaycan Xarici İşlər nazirliyinin bəyanat verir ki, “Dağlıq Qarabağ” anlayışı deyilən bir məfhum yoxdur. Qarabağ iqtisadi zonası mövcuddur. Amma Rusiya Müdafiə nazirliyi öz saytında israrla “Dağlıq Qarabağ” yazmaqda davam edirdi. Bu da suallar yaradan məqamlardır. Rusiya ilə bu məsələləri aydınlaşdırmaq baxımından müzakirələrin aparılması vacibdir. Məhz bundan sonra proseslərin düzgün istiqamətdə cərəyan etməsinə nail olmaq olar.