Son illər ölkəmizin mövqeyi bütün sahələrdə daha da möhkəmlənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın nüfuzlu və aparıcı ölkələrindən birinə çevrilib. Ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. 120 üzv ölkənin dəstəyi ilə təşkilata uğurlu sədrlik edən Azərbaycan 2023-cü ilə qədər də bu missiyasını davam etdirəcək. 44 günlük Vətən müharibəsindən sonra geosiyası və hərbi cəhbədə üstünlüyümüzü hər kəs gördü. Bütün bu amillər isə Azərbaycanı regionun lider dövləti səviyyəsinə yüksəldib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Azərbaycan artıq həm regional, həm də qlobal məsələlərdə aparıcı söz sahibi kimi çıxş edir: “Dövlət başçısının şəxsi nüfuzu da bunu şərtləndirən başlıca amillərdəndir. Prezident İlham Əliyevin şəxsi nüfuzu qardaş Türkiyə ilə dost İsrail dövləti arasında münasibətlərin normallaşmasında mühüm amil oldu. Azərbaycanın uğurlu xarici siyasəti onu Cənubi Qafqaz bölgəsində yeni yaranmış reallıqları diktə edən dövlətlərdən birinə çevirib. Ölkəmiz qardaş Türkiyə ilə müttəfiqlik müqaviləsi imzalayıb. Bu, iki qardaş ölkə arasında münasibətlərin zirvə nöqtəsi hesab edilir. Eyni zamanda bu yaxınlarda Azərbaycanla Rusiya arasında da tarixi bir müqavilə imzalandı. Regionun üç aparıcı dövləti - Azərbaycan, Türkiyə və Rusiyanın sərgilədiyi mövqe sülhə, sabitliyə, təhlükəsizliyə istiqamətlənib”.

Millət vəkilinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın hər iki tərəflə yüksək səviyyəli münasibətləri önə çıxır: “Məhz bu konteksdə Azərbaycan vasitəçilik missiyasını ortaya qoyur. Azərbaycan artıq sülh və danışıqlar üçün bir məkan kimi təqdim edilir. Bundan öncə də NATO-Rusiya dialoquna Azərbaycan ev sahibliyi edib. Ölkəmiz bu baxımdan dünyada siyasi sabitlik və təhlükəsizlik adası kimi qəbul edilir”.