Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Prezident İlham Əliyev növbəti dəfə Ermənistana Azərbaycanın sülhlə bağlı şərtlərini səsləndirdi. Sizcə, qarşı tərəf buna adekvat ola biləcəkmi?

- Dəfələrlə ölkə başçısı bu məsələ ilə bağlı bəyanat verib. Müharibə artıq bitib. Məsələ həll olunub. Azərbaycan sülh əlini Ermənistana uzadıb. Sərhədlərin tanınması, suverenliyin, ərazi bütövlüyünün qəbul olunması ilə bağlı başlıca prinsiplər var. Bizim şərtlərimiz beynəlxalq hüquqa əsaslanır. Hər bir müharibənin sonu sülh müqaviləsi ilə bitir. Azərbaycan da bu prinsiplərə uyğun olaraq qarşı tərəfə təkliflərini irəli sürüb.

- Erməni tərəfinin hansısa şərtlə çıxış etməsi nə dərəcədə məntiqlidir?

- Ermənistanın hansı şərtlərdən danışması bilinmir. Bu ölkə müharibədə məğlub olmuş dövlətdir. Onlar Azərbaycana şərt irəli sürə bilməz. Sadəcə olaraq onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bununla bağlı artıq Rusiyanın da mövqeyi var. Delimitasiya və demarkasiya məsələləri öz həllini tapmalıdır. Xəritələr onlarda da var. Rusiyanın müdafiə nazirliyinin baş qərargahında, Azərbaycanda və Ermənistanda xəritələr mövcuddur. Bu xəritələr əsasında da mövcud sərhədlər tanınmalıdır.

- Bunu nə vaxta qədər uzatmaq mümkün görünür?

- Ermənistan bu prosesi də uzadacaqsa, elə uduzan tərəf özü olacaq. Çünki başqa çıxış yolları yoxdur. Buna məcburdurlar. Əksinə olacaq bütün hallar onların ziyanınadır. Bundan sonra da uzun müddət blokada vəziyyətində qalmaq Ermənistan üçün hansı fəlakətlər yarada bilər. Bunu yəqin ki, bilməmiş də deyillər.

- Paşinyanın ötən həftə Azərbaycanla Ermənistan arasında dəmir yolu ilə yanaşı, avtomobil yolunun da açılacağı ilə bağlı fikirlərini nə dərəcədə əsaslı saymaq olar?

- Biz Ermənistan tərəfindən açığı pozitiv bir yanaşma gözləmirik. Bizim üçün əsas ölkəmizin başçısının fikirləridir. Dövlət başçısı da bir daha açıqladı ki, Zəngəzur dəhlizindən dəmir yolu, avtomobil yolu ilə yanaşı enerji xətlərinin də keçidi planlaşdırılır. Elektrik xətlərinin həmin dəhlizlə Naxçıvana keçidi təmin olunacaq. Çünki Azərbaycanın indi elektrik enerjisi istehsalı potensialı çox yüksəkdir. Həmçinin Zəngəzur dəhlizinin Azərbvaycan və qardaş Türkiyə üçün də çox böyük əhəmiyyəti var. Bunlar Azərbaycan üçün prioritet məsələlərdir. Dövlət başçısı da bunları açıqlayıb. Azərbaycanın da mövqeyi məhz bunlara əsaslanır. Dəhlizin açılması Ermənistan üçün da bir çox imkanlar aça bilər. Amma Azərbaycan istəyinə onsuz da nail olacaq. Ölkə başçısının bununla bağlı konkret mövqeyi var.

- UNESCO-nun bölgəyə gözlənilən missiyası ilə bağlı erməni tərəfinin narahatlığı var. Sizcə, buna səbəb nədir?

- UNESCO-nu müharibədən öncə və sona Azərbaycan bölgəyə dəvət etmişdi. Onlar gəlib Azərbaycanın 30 ilə yaxın işğalda saxlanılmış ərazilərində Ermənistan tərəfindən hansı barbarlığın törədildiyini görməlidirlər. Bütün maddi-mədəniyyət abidələrimizi, torpağımızı, meşələrimizi talan ediblər. Bir Ağdama baxmaqla Ermənistanın barbarlığı haqqında konkret fikir formalaşa bilər. İşğaldan azad edildikdən sonra bir çox xarici ölkələrin nümayəndələri, səfirləri Ağdamda olub. Onlar erməni barbarlığını görüblər. Bu gün Ağdam Qafqazın Xorasimosu adlandırılır. Təbii ki, UNESCO-nun dili lal, gözü kor deyil. Onlar niyə Ermənistana bununla bağlı irad tutmamalı, bir söz deməməlidir ki? Onlar gəlib görsünlər ki, özlərini bütün dünyaya yazıq kimi göstərən ermənilər Azərbaycan ərazilərində hansı vəhşilikləri, barbarlıqları törədib. Ümid edək ki, nəhayət bu dəfə UNESCO Ermənistanın nazı ilə oynamayacaq. Onların missiyasını icra etməklə əsl həqiqətlərin nədən ibarət olduğunu yəqin edəcəklər. UNESCO-da ikili standartlardan çıxış etməsin. Gəlib Azərbaycan ərazilərindəki barbarlığa görə Ermənsitanın “əməllərinə” obyektiv qiymət versin! 30 ildə bu beynəlxalq təşkilatlar gözlərini yumdular, qulaqlarını kar etdilər. Ermənistan nə qədər “böyük bir dövlət” oldu ki, bunun nazı ilə oturub-durublar. UNESCO niyə Ermənistanın nazı ilə oynamalıdır? Azərbaycan, Avropa İttifaqının, Fransa prezidentinin və erməni baş nazirin iştirakı ilə keçirilən dördtərəfli görüşdə bununla bağlı konkrert razılıq əldə edildi. Artıq Ermənistan öz üzərinə öhdəliklər götürüb. Əgər Ermənistan bu öhdəliyi də sabotaj edəcəksə, bu artıq beynəlxalq təşkilatların faydasının olmadığını üzə çıxaracaq.