Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirk:

- Aydın müəllim, İlham Əliyevin azad edilmiş bölgələrə proqram xarakterli səfərləri baş tutur. Bu səfərlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə vaxtaşırı olaraq həyata keçirilən səfərləri bu bölgələrin inkişafının diqqətdə saxlanılması ilə bağlıdır. Dövlət başçısı ilk gündən bildirmişdi ki, bu regionlara sakinlərin qayıtması üçün dövlət tərəfindən bütün zəruri imkanlar yaradılacaq. Dünya Azərbaycanın azad etdiyi ərazilərində yeni salınmış abad şəhər və qəsəbələrin şahid olacaq. Ötən bir il ərzində çox böyük işlər görüldü. Ərazilərin əhəmiyyətli bir hissəsi minalardan təmizləndi. Yollar çəkilir, elektrik şəbəkəsi qurulur, su xətləri və digər kommunikasiya işləri icra edilir. Rayon mərkəzlərinin baş planları hazırlanıb. Bunun nəticəsidir ki, Ağdam şəhərində böyük işlər icra olunur. Dövlət başçısının Cəbrayıla səfəri zamanı burada yaşayış məntəqəsinin əsası qoyuldu. Ümumən daha yeni müasir Cəbrayıl şəhərinin meydana gəlməsinin şahidi oluruq. Eyni zamanda burada tək sakinlərin geri qayıtması deyil, orada mühüm iş yerlərinin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yardılması üçün zəruri addımlar atılır.

- Prezidentin Cəbrayıla səfəri eyni zamanda mühüm mesajlarla yadda qaldı...

- Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı ölkə və dünya üçün çox əhəmiyyətli mesajlar verilir. Bu mesajlar ərazi bütövlüyü, müstəqil daxili və xarici siyasət yürütmək hüququnun qorunması ilə bağlı məsələləri özündə ehtiva edir. Bəzən isə bu mesajlar kimlərinsə Azərbaycana etdiyi yersiz ittihamlara tutarlı cavablarla yadda qalır. Məhz Cəbrayıla edilən səfər, burada verilən mesajlar şəhərin tez bir zamanda qurulması, cəbrayılıların qısa zamanda öz doğma evlərinə qayıtmaq ümidlərini reallaşdırır.

- 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən narahat olanlar var və onlar artıq açıq şəkildə bu narahatlıqlarını dilə gətirirlər. Bu ölkələrdən biri də cənub qonşumuz İrandır. Sizcə İranı narahat edən nədir?

- Son günlər qonşu İranın Azərbaycana etmiş olduğu yersiz ittihamlara da dövlət başçısı çox tutarlı cavablar verdi. İranla yaxşı münasibətlər qurmaq istəyini göstərməklə yanaşı heç kimin Azərbaycanın daxili işlərinə qarışmaq ixtiyarının olmaması da bir daha dilə gətirildi. Eyni zamanda onu bildirməliyik ki, İranda müəyyən dairələrin Azərbaycanın sürətli inkişafı heç də xoşlarına gəlmir. Həmin dairələr Azərbaycanın məhz idarəedilməsini istəyirlər. Onların istəyi Azərbaycanın inkişafının ləngiməsi, ərazilərinin daimi olaraq işğalda qalmasıdır. Amma Azərbaycanın öz iradəsini ortaya qoyması, həmin əraziləri abadlaşdırması, müasir şəhərlər salması çox təəssüf ki, qonşu İranın müəyyən dairələrində qıcıq yaradır. Həmçinin onların Ermənistanla uzun müddət olan dostluğunun da Azərbaycan tərəfindən ən layilqi formada cavabı verilib. Ona görə də gah hərbi təlimlərin keçirilməsi, gah da Azərbaycanda hansısa bir qüvvələrin olması barəsində olan ittihamların heç bir əsası yoxdur.

Azərbaycanın müstəqil dövlət kimi kiminlə dostluq edəcəyi, münasibətlər yaradacağı onun öz işidir. Əgər İran 30 illik işğal dövründə Ermənistanla əlaqələrinə bu qədər geniş yer verməsəydi, məhz bu işğal da uzun müddət davam edə bilməzdi. Çünki İranla sərhəddin açıq olması Ermənıstana nəfəslik idi. Bununla Ermənistan yaşamaq imkanı qazandı. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri İranın “qardaşlıq dəstəyini” yüksək qiymətləndirir. İşğalçı dövlət İranın ona “dəstəyindən” “qürur” hissi duyur. İran da, Azərbaycan da müsəlman ölkələrdir. Bizim uzun illərdən gələn tarixi qonşuluğumuz, mədəni bağlılığımız var. Belə olan halda bura gəlmə bir xalqın mental düşüncəsi, torpağa, tarixə, mədəniyyətə iddiası tək Azərbaycana qarşı deyil, ümumilikdə regiona qarşı olan bir iddiadır. Belə olan halda prosesin nəticəsindən asılı olmayaraq Azərbaycan öz suverenliyini qoruyur. Bundan sonra da bunu davam etdirəcək.

- Ermənistanın sabiq prezidenti Sərkisyan Azərbaycanla bağlı sərsəm fikirləri ilə yenidən gündəmə gəlib. Belə bir dövürdə onun gündəmə gəlməsi nəyə hesablanıb?

- Azərbaycan Prezidentinin Suqovuşandan keçmiş Ermənistan prezidenti Serj Sərkisyanla bağlı səsləndirdiyi tutarlı arqumentlər əslində tək ona verilən bir cavab deyil. Bu hazırda Ermənistanda olan revanşist qüvvələrə, Azərbaycanın dünəninə və bu gününə kölgə salmaq istəyən, böhtan atmaq istəyən qüvvələrə çox təsirli cavab idi. O qüvvələr tək Azərbaycana deyil Ermənistanın özünə problemlər yaradıblar. Onların hakimiyyəti Ermənistan və onun əhalisinin ölkədən köçməsinə səbəb olub. Bu uğursuz siyasət Ermənistanın qonşu dövlətlərin hamısı ilə düşmən vəziyyətinə düşməsinə şərait yaradıb. S.Sərkisyan kimi təsadüfi adamlar dövlət başçısı olanda sözsüz ki, həmin dövlət süquta uğramalıdır. Digər tərəfdən Sərkisyan və Köçəryan Ermənistanda keçirilən son seçkilərdə çox az bir səs topladılar. Bu o deməkdir ki, Ermənistanın özü onlardan üz döndərib. Onlar da özlərini “vacib fiqur” olduqlarını yada salmağa çalışırlar. Amma gündəmə ağıllı, konstruktiv fikirlə, təkliflə, cəmiyyətin, regionun inkişafı ilə bağlı diqqət çəkən məsələlərlə də gəlmək olar. Tərbiyəsizliklə, böhtan və təhqirlə gündəmə gəlmək Sərkisyan kimilərin özlərinin faciəsi, əxlaqının göstəricisidir. Dövlət başçısı öz fikirlərində bu ünsürlərə kifayət qədər sərt cavab verdi. Dünya bir daha Ermənistan rəhbərlərinin kimliyini aydın şəkildə gördü. Erməni cəmiyyəti bu gün mətbuatda, sosial şəbəkələrdə Azərbaycan Prezidentinin bütün çıxışlarını diqqətlə izləyir. Bu gün erməni cəmiyyəti nə indiki iqtidarlarının, nə də keçmiş rəhbərlərinin fikirlərinə əhəmiyyət vermir. Onlar Azərbaycan Prezidentinin səmimi, obyektiv olduğunu vurğulayır. Artıq bununla bağlı Ermənistan cəmiyyətində açıq fikirlər var.