ŞƏMKİR, 27 mart. TELEQRAF

Son günlər Şəmkir şəhərində yayılan xoşagəlməz qoxu sakinlərin ciddi narahatlığına səbəb olub.

Teleqraf-ın yerli bürosuna müraciət edən bir qrup şəhər sakini problemin həlli üçün artıq rayon İcra Hakimiyyətinə də şikayət etdiklərini bildiriblər.

Onların sözlərinə görə, üfunət iyinin yayılmasına səbəb Elxan Əliyev adlı sahibkara məxsus quşçuluq müəssisəsindən çıxan peyinin ətrafa yayılmasıdır.

Sakinlərin iddiasına görə, Elxan Əliyev Şəmkir ərazisində yerləşən quşçuluq müəssisəsini alaraq icarəyə verib. Müəssisədən çıxan tullantıların daşınmasını isə sahibkar özü üzərinə götürüb. Lakin sakinlər bildirirlər ki, peyin sahədən çıxarılsa da, gübrə kimi əkin sahələrinə səpildiyindən şəhərə kəskin üfunət iyi yayılır.

Məsələ təkcə Şəmkir şəhəri ilə məhdudlaşmır. Sakinlərin sözlərinə görə, yaxınlıqdakı Yeni Həyat, Çinarlı və digər kəndlərdə də bu iy açıq şəkildə hiss olunur və artıq dözülməz həddə çatıb.

Mövzu ilə bağlı sahibkar Elxan Əliyev bildirib ki, deyilənlər həqiqəti əks etdirmir.

"Mən quşçuluq müəssisəsini icayərə verməmişəm. Özüm işlədirəm. Amma Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən də gəlib baxıblar. Qurum tərəfindən mənim cərimə olunmağım da doğru xəbər deyil. İcra Hakimiyyətindən bildirildi ki, peyini əraziyə yığmayın. Mən də gübrə əvəzinə öz sahəmə səpmişəm. Burada qeyri-qanuni heçnə yoxdur. Bütün bunlar mənə qarşı qərəzdir. Heç bir xoşagəlməz iydən də söhbət gedə bilməz", - deyə E.Əliyev söyləyib.