AĞDAM, 29 iyul. TELEQRAF
"Böyük Qayıdış" proqramı çərçivəsində iyulun 29-də Ağdam rayonunun Xıdırlı kəndinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, mərasimdə rəsmi şəxslər iştirak ediblər.
***
11:41
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu dəfə 60 ailə olmaqla, 236 nəfər öz doğam torpağına qayıdıb.
Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Xıdırlı kəndinə bu mərhələdə Bərdə rayonundan 22 ailə olmaqla 101 nəfər, Bakı şəhərindən 20 ailə olmaqla 73 nəfər, Ağdam rayonundan 7 ailə olmaqla 20 nəfər, Mingəçevir şəhərindən 4 ailə olmaqla 14 nəfər, Yevlax rayonundan 3 ailə olmaqla 5 nəfər, Sumqayıt şəhərindən 1 ailə olmaqla 6 nəfər, Abşeron rayonundan 1 ailə olmaqla 3 nəfər, Ağcabədi rayonundan 1 ailə olmaqla 2 nəfər və Qəbələ rayonundan 1 ailə olmaqla 2 nəfər köçürülüb.
Onlar yeni evlərlə təmin olunacaqlar.
Bununla da indiyədək Xıdırlı kəndinə ümumilikdə 130 ailə - 512 nəfər köçürülüb.



***
06: 25
BAKI, 29 iyul. TELEQRAF
Ağdam rayonunun işğaldan azad olunandan sonra yenidən tikilən Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, bu dəfə adıçəkilən yaşayış məntəqəsinə 60 ailədən ibarət 236 nəfər köçürülüb.
Xıdırlıya qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
İxtisasca müəllimə olan Zərifə Allahverdiyeva öz kəndinin ən çətin zamanlarına şahid olduğunu deyir:
"Xıdırlıdan çıxanda mənim 34 yaşım var idi. Yanımda həyat yoldaşım və uşaqlar idi...İndi isə 65 yaşımda yurduma uşaqlarımla birgə qayıdıram. Təəssüf ki, yoldaşım rəhmətə gedib, ona bu günü görmək qismət olmadı.
Kəndimizdən çıxanda çox acılara şahid oldum...Evimin necə yanması heç vaxt gözümün önündən getmədi. İndi qayıdırıq, şükürlər olsun. Arzum odur ki, öz kəndimizin quruculuq işlərində yaxından iştirak edək".

Şəhid oğlu olan Elçin Həsənov Xıdırlıdan 3 yaşında ayrılıb.
"Atam Qarabağ döyüşlərində şəhid olub. Onun məzarı hazırda Ağdamdadır. Öz doğma torpağıma qayıdıram, bu, böyük xoşbəxtlikdir".

"Artıq evimizdəyik deyə biləcəyik"
Amil Qurbanov: "Xıdırlıdan çıxanda 13 yaşım var idi. Övladlarıma Ağdamlı, Xıdırlı günlərdən o qədər danışmışam ki, oranı məndən də çox sevirlər. Artıq evimizdəyik deyə biləcəyik. Bu günü bizə yaşadan hər kəsə təşəkkür edirəm".