Ermənistan Baş naziri Nikol Paşinyan erməni ordusunun Qarabağın dağlıq hissəsindəki ağır texnikalarının çıxarılması əmrini verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Ermənistan baş nazirinin bu addımı Azərbaycan Prezidenti İlham Əliyevin Laçın yolu ilə bağlı son açıqlamasından sonra atdığını bildirir:
“Azərbaycan prezidenti Laçın yolu ilə qanunsuz hərbi daşınmalar həyata keçirildiyini dedi. Paşinyan bundan sonra Əliyevə bölgəni silahlandırmadığını sübut etmək üçün Qarabağdan ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı tapşırıb”, - məlumatda deyilir.
Qəzet bunun Ermənistanın Azərbaycanın bu ərazilərindəki hərbi qüvvələrinin tərksilah edilməsi prosesinin növbəti mərhələsi olduğunu iddia edir.
Xəbərdə Azərbaycan vətəndaşlarının Laçın yolunda keçirdikləri etiraz aksiyasına da diqqət çəkilib.