Ermənistanın regionda hərbi-siyasi təcavüzkarlığına son qoyulsa da təəssüf ki, bu dövlətin mədəni və ekoloji təcavüzkarlıq siyasətinə tam şəkildə son verilməyib. Azərbaycana qarşı bu ölkənin hərbi təcavüzü başlayan gündən indiyədək ekoloji, mədəni təcavüzkarlıq siyasəti davam edir. Xüsusilə də ekoloji təcavüzkarlıq siyasəti Ermənistan tərəfindən Azərbaycana qarşı daha ağır nəticələr verib.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.

O qeyd edib ki, zaman-zaman Ermənistan ərazisindən keçməklə Azərbaycana daxil olan çayların, o cümlədən əsasən Araz çayına zəhərli maddələrin ötürülməsi, Qarabağda, xüsusilə işğal dövründə Azərbaycanın ekologiyasının korlanması və sairlə bağlı dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndələri tərəfindən məsələ qaldırılıb:

“Biz Ermənistanın ekoloji tarazlığı birbaşa pozan təcavüzkar addımlarını öz üzərimizdə, xüsusilə də çaylarda, fauna və florada hiss etmişik. Bu gün də bunu yaşayırıq. “Metsamor” AES-lə bağlı Ermənistanın regiona hansı fəlakət yaşatdığını demək olar ki, Avropa strukturları bir neçə dəfə beynəlxalq nüfuzlu sənədlərdə əks etdiriblər. Görünən odur ki, Ermənistanın xüsusilə ekoloji sahədə təcavüzkarlığına layiqli cavab verilmədiyinə görə İrəvan hələ də bu siyasətini davam etdirir. Hətta bu işə beynəlxalq şirkətləri də cəlb edir. Almaniyanın “CRONIMET” kompaniyası ilə bizim Zəngəzur torpaqlarında görülən işlər, faydalı qaqzıntı yataqlarından çıxarılan zəhərli maddələrlə ekoloji mühitin korlanmasına, Oxçuçayın çirklənməsinə yönəlmiş işlərin davam etdirilməsi dediklərimizə misaldır”.

Aydın Quliyev bildirib ki, nəyin bahasına olursa olsun Ermənistanın ilk növbədə Metsamor AES-lə bağlı regiona yaratdığı təhlükənin qarşısı alınmalıdır və stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq sənədlər icra edilməlidir:

“Əks təqdirdə biz Ermənistanın müəyyən beynəlxalq şirkətlərin əli ilə regionda ekoloji tarazlığa qarşı belə addımlarının, ziyanlı siyasətinin nəticələrini görəcəyik”.

Müsahibimiz qeyd edib ki, beynəlxalq şirkətlər özləri də məsuliyyət hiss etməlidirlər:

“Məsələn, Almaniyanın “CRONIMET” kompaniyası Ermənistanda hakimiyyət dairlərində kimlərləsə yaxşı əlaqələrə görə gəlib orda müəyyən işlər görürlər. Ancaq nəzərə almalıdırlar ki, ekoloji tarazlığın pozulması, ekoloji vəziyyətin gərginləşdirilməsinə yönəlmiş bu işlərə görə sonda cavab verməli olacaqlar. Necə ki, bir vaxtlar Qarabağ və onun ətraf bölgələrində Azərbaycanın fauna və florasına qarşı dəhşətli talançılıq edən beynəlxalq şirkətlər bu gün artıq məsuliyyət altındadırlar. Onların məsuliyyətə cəlb olunması üçün Azərbaycan müəyyən prosedurları həyata keçirməkdədir. Eynilə gözləmək olar ki, çox da uzaqda olmayan gələcəkdə Ermənistanın öz ərazisində də regiona və Azərbaycana qarşı ekoloji terrorla məşğul olan beynəlxalq şirkətlərə qarşı hüquqi müstəvidə müəyyən addımlar atılacaq. Ona görə də alman şirkəti bu perspektivi nəzərə almalıdır. Bu gün Ermənistan hakimiyyətində müəyyən məmurlarla sövdələşərək əldə etdiyi gəlirlərdən daha çox sabah daşıyacaqları məsuliyyət haqqında düşünməlidirlər”.