BAKI, 11 iyul. TELEQRAF
"Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşdə ilk verilən vacib mesaj ondan ibarətdir ki, keçmiş münaqişə tərəfləri sülh əldə etməkdə qətiyyətlidirlər və bu sülh həmin dövlətlərin və onların xalqlarının rifahına xidmət edəcək. Sülh sazişinin imzalanması və implementasiyası ilə hər hansı aktorun regionda geosiyasi maraqlarının təsbit olunması deyil, hazırkı de-fakto sülhün regionda uzunmüddətli sülhə çevrilməsi və sabitliyin bərqərar olması baş verəcəkdir".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
Deputat bildirib ki, görüşün neytral məkanda, yəni münaqişə ilə bağlı geosiyasi maraqları olmayan bir dövlətdə keçirilməsi də sülh üçün başqa bir mesajı, yəni onun vasitəçisiz əldə olunması istəyi, qətiyyəti və mümkünlüyünü özündə ehtiva edir:

"Digər mühüm məqam danışıqların konstruktiv atmosferdə keçməsi, görüşdən sonra sahəvi məsələlərin işçi qruplar və digər formatlarda davamı, eləcə də ali səviyyədə təmasların davam etdirilməsi ilə bağlı açıqlama verilməsi idi. Bu da göstərir ki, ikitərəfli və vasitəçisiz dialoq formatı özünü doğruldur və işlək mexanizmə çevirilir. Bu məqam sadəcə sözlə deyil, danışıqların gedişatı ilə də sübut olundu. Belə ki, ikitərəfli mexanizm nəticəyönümlü olduğundan hər iki tərəfi qane edir. Əlbəttə, hələ də bəzi mürəkkəb məsələlər açıq qalır, lakin bütün bunlar bir görüşdə həll edilə bilməz. Vacib məqam ondan ibarətdir ki, tərəflər vasitəçisiz danışıqlar aparmaqla bunu həll etməkdə qərarlıdırlar. Vaşinqton və Brüsseldəki danışıqlar raundundan fərqli olaraq, bu dəfə görüşdə giriş nitqini edən də olmadı. Bu da mühüm bir mesajdır: tərəflər danışıqları özləri aparmağa hazır və qadirdirlər".
R.Nəbiyev əlavə edib ki, Azərbaycan Prezidentinin siyasi liderliyi altında formalaşdırılan normallaşma gündəliyi vacib nəticələrə gətirib çıxarmaqdadır:

"Normallaşma prosesi isə çoxölçülü, çoxşaxəlidir və uzunmüddətli prosesdir. Hələ cari ilin martında tərəflər sülh sazişinin mətninin razılaşdırıldığını elan etdilər. İndi isə Əbu-Dabi danışıqlarından dərhal sonra qısa zaman fərqi ilə sinxron olaraq hər iki ölkənin Xarici İşlər Nazirliklərinin bəyanatını gördük ki, bu da əlaqələndirmənin olduğunu və komissiyaların reqlamentinin təsdiqi ilə bağlı müşahidə etmişdik. Delimitasiya, demarkasiya və sərhədlərin təhlükəsizliyi ilə bağlı uğurlu əlaqələndirmə metodunun burada da tətbiq olunduğuna şahid olduq. Bu bir daha sübut edir ki, postmünaqişə dövründə həllini gözləyən, digər açıq qalan məsələləri də biz ikitərəfli qaydada həll etmək iqtidarındayıq”.
Deputat sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin layihəsinin paraflanması, imzalanması, ratifikasiyası və implementasiyasından irəli gələn məsələlərin də müəyyən məqamlarda sinxron təmin edilməsi vacibliyini qeyd etdi:

“Bu da sonrakı dövrlərdə dövlətlərarası münasibətlərin yaradılması, etimad və diplomatik əlaqələrin qurulması kimi məsələləri əhatə edir. Bundan əlavə, dövlətlərarası münasibətlərin vacib sütunu olan iqtisadi münasibətlərin qurulması ilk növbədə kommunikasiyaların açılmasını şərtləndirir. Nümayəndə heyətinin tərkibinə sərhəd, iqtisadiyyat və nəqliyyat kimi məsələlərə məsul baş nazir müavinlərinin daxil edilməsi bir daha təsdiq edir ki, sülh sazişi imzalandıqdan sonra onun davamlılığına töhfə verən məsələlər də gündəmdə olub. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi liderliyi ilə baş tutan normallaşma prosesi dövlətlərarası çoxşaxəli gündəmi formalaşdırır və bu Ermənistan tərəfini də qane edir. Bu da o deməkdir ki, biz ikitərəfli format çərçivəsində dövlətlərimizin, xalqlarımızın maraqlarına və regionda inkişafa xidmət edən davamlı sülhə nail olmaq istəyirik".