BAKI, 18 iyun. TELEQRAF
Azərbaycanda kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcək.
Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.
Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir.
Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.
Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.
Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.