BAKI, 3 iyun. TELEQRAF

Parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, iclasda hökumət üzvləri, dövlət rəsmiləri iştirak ediblər.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov büdcənin icrası ilə bağlı sədri olduğu komitənin rəyini səsləndirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da rəyini səsləndirdikdən sonra müzakirələr başlayıb.

Deputatlar müzakirələr zamanı icra ilə bağlı rəy və təkliflərini veriblər.

Daha sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5%, proqnozdan isə 2,1% çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4% çox, proqnozdan isə 5,1% azdır. Büdcə kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4%-ni təşkil edib.